Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov yağış sularının paytaxt Bakıda fəsadlar yaratmasına münasibət bildirib. “Yeni Gundem” xəbər verir ki, redaktor.az-a açıqlama verən deputat bu kimi halların ən inkişaf etmiş ölkələrdə də yaşandığını bildirib:
“Ən inkişaf etmiş dövlətlərdən biri Yaponiyadır. Yaponiyada zəlzələ olanda, sunami qalxanda 37 min adam öldü və şəhərlər darmadağın oldu. Bu yaxınlarda Amerikada 15 nəfər sunami, sel nəticəsində həlak oldu. Rusiyanın şəhərlərinin böyük əksəriyyəti suyun altında qalmışdı. Bu proses iqlim dəyişikliyi ilə əlaqədar normadan artıq yağış düşəndə baş verir”.
Millət vəkili mövzu ətrafında səs-küy qaldırmağın lüzumsuz olduğunu deyib:
“Küy qaldırmağa, səs salmağa ehtiyac yoxdur. Normadan artıq olan sudur və kanalizasiya sistemləri bunları çatdıra bilmir. Norma üçün, məsələn, bir litr götürülüb, amma beş litr su gəlirsə, dörd litr də yığılıb qalır. Kanalizasiya sistemi isə bir gündə dəyişdirilə bilməz. Nə qədər yeni binalar tikilib, nə qədər əhalinin sayı artıb. Hər biri də tədricən öz qaydasına düşür. Yəni obyektiv və subyektiv səbəblər də var. Amma subyektiv səbəbi obyektiv səbəbdən qabağa keçirməyə ehtiyac yoxdur”.