“Novxanı əməliyyatı” Taleh Bəşirov üçün düşərli olmadı – “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır…backend
“Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Bəşirovun siyasi kariyerası sual altına düşüb. Buna səbəb şöbə müdirinin Novxanıda keçirdiyi “sonuncu əməliyyat” olub”.
Bu barədə “Yeni Gundem”-ə göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “Mediada “Novxanı əməliyyatı” kimi təsnif olunan bu olayın mahiyyətini qısaca xatırlatmalı olsaq, qeyd edək ki, hər şey Taleh Bəşirovun Novxanı çimərliyi sahilindəki “Metallurq” qaçqın düşərgəsini zəbt etməsi ilə başladı. Həmin düşərgənin önəmli bir hissəsini məşhur iş adamlarından birinə satan Taleh Bəşirovun qaçqın evlərini dağıtması, onları 30 ildir məskumlaşdıqları yerdən didərgin salması vətəndaşların ciddi etirazına səbəb oldu. Nəticədə Taleh Bəşirov ismi qısa zamanda mediada məşhurlaşsa da, harınlamış məmura “gözün üstə qaşın var” deyən tapılmadı. Belə olan halda məcburi köçkünlər bütün dövlət qurumlarına, əlaqədar instansiyalara şikayət məktubları göndərməyə başladı. Bütün bunların nəticəsi olaraq Taleh Bəşirovun fəaliyyətinin təftiş olunmasına qərar verilib. İlk təftiş prosesi isə “Novxanı əməliyyatı” ilə bağlı aparılacaq.
Xatırladaq ki, artıq bu qərardan qorxuya düşən Taleh Bəşirov və məşhur iş adamı Novxanıdakı inşaat prosesini dayandırıb. İnşaat işlərinin taleyinə təftiş prosesinin nəticəsinə uyğun qərar veriləcək.
Məlumat üçün qeyd edək ki, Taleh Bəşirov yalnız Bakı deyil, ölkə miqyasında başlıca əmlak nəhənglərindən biri hesab edilir. Şöbə müdiri min hektarlarla torpaq sahəsinə, yüzlərlə mənzilə sahib olsa da, onların heç birini öz adına rəsmiləşdirməyib. Məqsəd “gözə girməmək”, “kasıb məmur” imicini qorumaq olub. Ancaq təftiş prosesindən sonra Taleh Bəşirovun bu imicinin darmadağın olacağı birmənalıdır. Çox güman ki, təftişin nəticəsi olaraq şöbə müdiri sadəcə əmlakını ilə deyil, həm də azadlığı ilə vidalaşmalı olacaq”.