“Artıq insanlarla söhbət etmək çox mənasızdır. Hamı bir-birində səhv axtarır. Heç kəs bizi olduğumuz kimi görmür. Bizdə bizi axtarmır. Sadəcə, görmək istədiyini görür. Nə danışsaq da, nə desək də, sonda yenə öz ağlına uyğun şəkildə anlayıb, ona uyğun da dəyər verirlər. Paxıllıq, etibarsızlıq virus kimi insanların beynini və qəlbini zəbt edib. İnsanlar olduqları kimi görünməkdən çəkinirlər. Özlərini və istəklərini gizlədirlər. İnsan içində göründükləri hallarıyla özləri ilə baş-başa qalanda düşündükləri arasında yerdən kosmosa qədər fərq var. Loru dildə desək, havadan nəm çəkirlər. Kimsə sizi diqqətlə anlamaq üçün (cavab qaytarmaq üçün yox) dinləyirsə, sevinin və o insanların dəyərin bilin”.
“Yeni Gündəm” xəbər verir ki, bunu tanınmış müğənni Nura Suri deyib.
“Əvvəllər oxuduğumuz kitabları, izlədiyimiz filmləri müzakirə edərdik. İndi kitabdan danışanda, adama dəli kimi baxırlar. Hətta “özünü ağıllı göstərir”, “guya bu kitab oxuyurmuş” kimi cümlələrlə təhqir də edirlər. Özümə heç kəsə məsləhət verməyəcəyimə dair söz vermişəm. Qoy, hər kəs başına daş dəyə-dəyə özü nəticə çıxarsın. Sən nə qədər yaxşı olursansa ol, yenə də dəyərin bilinməyəcək. Səni olduğun kimi görməyəcəklər. Özləri necədirlərsə, səni də elə görəcəklər. Yaxşılığı dilsiz-ağızsız heyvana etmək daha savabdır. Bu həyatda ən doğrusu heç kəsə və heç nəyə bağlanmamaqdır. Sevgi dəbdə deyil. Sevgi anlayışı deformasiyaya uğrayıb. Bağlanmadığın heç kəs və heç nə sənə zərbə vura bilməz. Bütün problemlərin sevgisizlikdən, diqqətdən kənar qalmaqdan, dəyərləndirilməməkdən irəli gəldiyini deyirdilər. İndi hamının aqibəti eynidir. Bu problem artıq həyatımızın bir hissəsidir. İndi saxtalıq təkcə brend geyimlərdə deyil. Saxtalıq həm də insanlığı məhv edən virusdur və o, çox sürətlə yayılıb. İnsanlıq artıq xəstədir”.