Ermənistanın ictimai televiziyası Rusiyadan ölkəyə “yüzlərlə cinayətkar elementin” gəldiyini elan edib.
Erməni fəal Hovsep Xurşudyan ölkənin İctimai Televiziyasında çıxışı zamanı bildirib ki, onda “Kreml nəzarəti altında” Ermənistana Rusiyadan, xüsusən Soçi və Moskvadan “yüzlərlə cinayətkar ünsür” gəlməsi ilə bağlı dəqiq məlumat var.
Musavat.com xəbər verir ki, Xurşudyan bu kriminal axının məqsədini də açıqlayıb: “Təxribatlar törətmək, iğtişaşları qızışdırmaq və ölkədə vəziyyətin sabitliyini pozmaqdır”.
Xatırladaq ki, hazırda Ermənistanda arxasında erməni kilsəsinin dayandığı “sərhəd yürüşü” gedir. Onun şüar və tələbləri Paşinyana, delimitasiya – demarkasiya prosesinə və ümumilikdə Azərbaycanla aparılan sülh prosesinə qarşıdır. Erməni kilsəsinin Rusiya xüsusi xidmət orqanları ilə yaxınlığı da sirr deyil…
Demək, kilsənin apardığı təxribatlar yetmədiyi, kifayət olmadığı üçün MDB məkanındakı kriminal elementləri Ermənistana göndərirlər. Yaxın günlərdə İrəvanda təxribatların başlayacağı gözləniləndir.
Musavat.com