“Öləndə xəbər tuturuq ki, belə bir dəyərli insan var imiş” – Pərvin Səfərov (FENOMEN – MÜSAHİBƏ)backend

Pərvin Səfərov: “İndi onsuzda hər şeyin yeri səhv düşüb, tək mən yox, bir çox istedadlı və yaradıcı insanlar var ki, onlara layiqli dəyər verilmir.”

Türkiyədə “O Ses Türkiye” yarışmasının iştirakçılarından biri, Azərbaycan və Türkiyə mediasında “Azərbaycanlı Çoban” olaraq tanınan müğənni Pərvin Səfərovun “İslahat.az” xəbər portalının “FENOMEN” rubrikasına müsahibəsini təqdim edirik.

Pərvin Səfərov 1985–ci ildə Neftçala rayonunda Qaçaqkənd kəndində dünyaya gəlib. Kənddə böyüyüb, təsərrüfatla məşğul olub. Hərbi xidmətdən gələndən sonra yenə fərdi işlərlə-fəhləlik, yol işləri, təsərrüfatla məşğul olub.

Musiqi ilə özü üçün məşğul olan Pərvin Səfərov Acun Ilıcalı tərəfindən dəvət alaraq “O Ses Türkiye” yarışmasının səhnəsinə çıxıb. Yarışmada müxtəlif mərhələləri keçərək Türkiyə və Azərbaycan ictimaiyyətinin diqqətini öz üzərinə çəkib. Hazırda Azərbaycan Milli Konservatoriyasında təhsil alır.

Pərvin Səfərov öz işi və bacarığı ilə öz dünyasını yaradaraq cəmiyyətə uğurlu, faydalı, seçilən və tarix yazan olduğu üçün “PHENOMENON AWARDS” layihəsi tərəfindən mükafatlandırılıb.

Pərvin Səfərov hazırda hansı işlərnən məşğuldur?

Hazırda imtahanları bitirmişəm və tətildəyəm. Düşünürəm ki, yeniliklər etmək lazımdır. İzləyicilərim üçün yeni mahnı hazırlamışıq. Bu mahnını izləyicilərimə klip ilə təqdim edəcəm. Çalışıram ki, toy və şənliklərdə iştirak edim. Çünki, yeniliklər etmək üçün büdcə yaratmaq lazımdır.

Təhsil həyatın necə gedir?

Həm sənət öyrənirəm, həm də gec olsada yaşamadığım tələbəliyimi yaşayıram.

Azərbaycanı başqa hansı müsabiqələrdə təmsil etmək istəyirsən?

Dünyada tanınan çox müsabiqələrdə, məsələn, “Voice America” müsabiqəsində iştirak etməyi çox istəyirəm. Bizim öz klassik mahnılarımızı bütün dünya sevərək heyrətlə dinləyir və məni də məhz Azərbaycan klassik mahnıları ilə tanıdılar, sevdilər. Amma tamam fərqli səhnə ilə beynəlxalq yarışlarda rəqabət aparmaq niyyətindəyəm.

Pərvin Səfərov tarixdə necə qalmaq istəyir?

Unudulmaz korifeylərimiz kimi cəmiyyətimizə, dövlətimizə faydalı və musiqi sahəsində bir sənətkar kimi öz sözünü demiş olaraq tarix yazmaq istəyirəm.

Görmək istədiyin Pərvin Səfərov hardadır əslində?

İndi onsuzda hər şeyin yeri səhv düşüb, tək mən yox, bir çox istedadlı və yaradıcı insanlar var ki, onlara layiqli dəyər verilmir. O cümlədən, mən də istədiyim yerə çata bilməmişəm hələ, amma özümü harda görürəmsə, o yerdə olacam. Özümə inanıram!

Uğur qazanmaq üçün hansı addımlar atılmalıdır?

Uğur qazanmaq üçün cəsarətli addımlar atmaq lazımdır. Özünə güvənib, düzgün yol seçib doğru qərarlar vermək lazımdır. Kimlərinsə məsləhətinə qulaq asım və ya qıraqdan nə deyərlər, fikirləşməməliyik. Heç kimə fikir vermədən öz yolunu özün seçməlisən, amma ağılnan, düşünərək.

Sizin sahədə addımlamaq istəyənlərə hansı tövsiyyələrin var?

Bizim sahədə addımlayanlar yetəri qədərdən də çoxdu zatən. İstedadı olan da, olmayan da addımlayır. Kim ağzına nə gəldi oxuyur, amma yaxşı olar ki, Azərbaycanımızın əsil musiqisini, mədəniyyətini pis günə qoymasınlar.

İnsanlarımıza mesajınız nədir?

İnsanlarımız bu günümüzdə bir-birinə qarşı çox biganədir. Hamı bir-birindən soyuyub, virtual yaşayırıq hər şeyimizi. Bilmirəm niyə belə olub. Bir də, öləndə xəbər tuturuq ki belə bir dəyərli insan var imiş. Öldükdən sonra dəyər veririk. Onsuzda hər şey süniləşib. Özümüz süni olmayaq, təbii olaq, real olaq,  istiqanlı olaq. Hər şeyə layiq olduğu dəyəri verək.

“PHENOMENON AWARDS”

İslahat.az