Prezident İlham Əliyev 2006-cı ilin may ayının 23-də Azərbaycan Respublikasının “Onkoloji yardım Haqqında Qanunu”nu imzalayıb.
Prezidentin 18 il əvvəl imzaladığı bu Qanun onkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi və sosial yardımın göstərilməsinin hüquqi əsaslarını müəyyən edir.
Onkoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
“Onkoloji yardım haqqında” Qanuna görə Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində “dövlət büdcəsi vəsaiti hesabına” həyata keçirilməlidir.
Qanunun 4.1-ci maddəsində onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri özündə profilaktika, diaqnostika, müalicə və reabilitasiya tədbirlərini nəzərdə tutur…
Bura qədər hər şey gözəldir. Bəs, Azərbaycanda onkoloji vəziyyət, bu xəstəliklərdən əziyyət çəkən ölkə vətəndaşlarının qarşılaşdıqları reallıq və dövlətin bu sahəyə hər il ayırdığı yüz milyonlarla vəsaitin taleyi necədir?
Milli Onkologiya Mərkəzi – Şikayətin və korrupsiyanın ünvanı
Azərbaycanın səhiyyə sistemində vətəndaşların ən çox şikayət etdiyi onkoloji sahədir. Onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələrin yeganə ümid yeri olan Milli Onkologiya Mərkəzi dövlətin ali instansiyalarına ən çox şikayət olunan qurumlardandır. Hökumət bu sahəyə yuxarıda da qeyd etdiyimiz kimi hər il yüz milyonlarla vəsait ayırmasına baxmayaraq, burada ciddi problemlər qalmaqdadır.
Hökumət çıxış yolu kimi onkoloji sahədə olan problemlərin həllini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil edilməsində görür. Lakin bir neçə ildir ki, Milli Məclisin Səhiyyə komitəsində müzakirə olunan bu məsələ öz həllini tapmır.
Milli Onkologiya Mərkəzinə ayrılan vəsaitlər, həmçinin bu sahəyə məsul şəxslərinin fəaliyyəti barədə araşdırma aparıb. Araşdırmalar göstərir ki, onkologiya sahəsində olan problemlərin həll olunmamasının əsas səbəblərindən biri bu sahəyə məsul olan səlahiyyətlilərin şəxsi maraqları, maddi mənafeləridir.
Milli Onkologiya Mərkəzinə dövlətin ayırdığı milyonlara kim nəzarət edir?
Milli Onkologiya Mərkəzi hər il müxtılif lotlar üzrə smetası milyon manatlarla ölçülən satınalmalar həyata keçirir. Xüsusi təyinatlı yüklərin, radioaktiv maddələrin, kimyəvi dərman preparatları, laborator reaktivlər, birdəfəlik qablar, dərman vasitələri və digər tələb olunan maddələrın alınması üçün bir çox şirkətlərin xidmətindən istifadə edilir.
Ölkəyə əsasən onkoloji dərman vasitələri və preparatları gətirən şirkətlərin başında Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov dayanır.
Uzun illərdir Azərbayacana gətirilən dərman vasitələri və preparatlarının monopoliyasının bir hissəsini əlində cəmləşdirə bilən Kəmaləddin Qafarov həm də Milli Məclisin deputatıdır.
K.Qafarov 2015-ci ildən indiyədək Milli Məclisdə qanunların qəbulu ilə məşğuldur.
O, eyni zamanda, Milli Məclisdə Səhiyyə Komitəsinin üzvüdür.
Yəni ölkə əhalisinin sağlamlığı ilə bağlı qərarların ilkin olaraq müzakirə edildiyi bir Komitədə söz sahibidir.
Deputat olduğu 11 il müddətində Kəmaləddin Qafarov Milli Məclisdə xalqın xeyrinə olan bir kəlmə də kəsməyib. Milli Məclisdə Səhiyyə Komitəsinin üzvü olan bu deputatın danışığını on bir ildir nə eşidən olub, nə də görən.
Deputat Milli Məclisdə keçirdiyi 11 ili düymə sıxmaqla yola verib.
Ona görədir ki, sosial şəbəklərdə Kəmaləddin Qafarov monopolist deputat ayaması ilə yanaşı, həm də “düyməsıxan” deputat kimi tanınır.
Daha dəqiq desək, Azərbaycanda onkoloji xəstələrin müalicəsi ilə məşğul olan bir qurumun – Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini eyni zamanda ölkəyə həm dərman preparatlarının idxalı ilə məşğuldur, həm də qanunverici ali orqan olan Milli Məclisdə deputatdır.
Bir neçə il öncə səhiyyə sistemində köklü islahatlara başlayan hökumət xaricdən aldıqları ucuz, keyfiyyətsiz dərmanları bir tikə çörəyə möhtac olan ölkə əhalisinə baha qiymətlərə sırıyan dərman monopolistlərinə qarşı ciddi addımlar atdı.
Lakin hökumətin apardığı bu islahatdan Kəmaləddin Qafarovun şirkətləri kənarda qaldı. Daha dəqiq ifadə etsək deputat “islahat sunami”sinin cəngindən öz şirkətlərini xilas edə bildi. Təbii ki, bu məsələdə Kəmaləddin Qafarovun harayına ilk olaraq deputat kreslosu çatdı.
Nəticədə isə hələ də ümidlərini allaha bağlamış on minlərlə onkoloji xəstə olan həmvətənlərimiz ortalıqda qalıb. Hər an ölümlərini gözləyən, yaşadıqları hər bir günü son gün kimi yaşayan bu insanların ahı-naləsi Milli Onkologiya Mərkəzinin qarşısında, kolidorlarında ərşə çıxır.
Amma çifayda. Bu sahədə dövlətin məsul etdiyi şəxslər – yəni, Kamaləddin Qafarov kimi bütün səlahiyyətlərindən istifadə edərək milyonlar qazanan oliqarxlar ancaq öz mülklərinin sayını, bank hesablarındakı vəsaitlərin məbləğini artırmaqla məşğuldurlar. Bəlkə də, bu yazıdqlarımız hansısa dəyərli oxucumuza qərəzli görünə bilər. Ona görə də qlobal.az saytının araşdırma qrupu Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü, Milli Onkologiya Mərkəzinin direktor müavini Kəmaləddin Qafarova məxsus olan şirkətlərin bir neçəsini təqdim edir…
Deputatın “MMC karvanı”
Deputat Kəmaləddin Qafarovun vikipediyasında onun 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışdığı, 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkildiyi, 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edildiyi yazılıb.
Ancaq deputatın bu illər ərzində hansı şirkətdə çalışdığı barədə yazılmır.
Araşdırma zamanı məlum oldu ki, Kəmaləddin Qafarovun bu illər ərzində məşğul oldu şirkət elə onun özünə məxsus olub.
Kəmaləddin Qafarovun 2001-ci ilin yanvar ayında təsis etdiyi “Naturalist” Fərdi Firmasının qanuni təmsilçisi qardaşı Camaləddin Qafarov olub.
Şirkət deputatın yaşadığı Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev 65 A, mənzil 155 ünvanında qeydoyyata alınıb.
2010-cu ildə şirkətə Fərasət İbadov rəhbərlik etməyə başlayıb.
İxtisasca həkim-naturapat olan Fərasət İbadov “Naturalist” Fərdi Firmasına bir müddət rəhbərlik etdikdən sonra yerini yenidən Camaləddin Qafarova verib.
“Naturalist” Fərdi Firması hazırda dərman idxalçısı kimi bazarda yerini qoruyur.
Kəmaləddin Qafarovun digər şirkətləri isə birbaşa öz adına olub.
Sonradan diqqətdə olmamaq üçün deputat bu şirkətləri ailə üzvlərindən birinin adına rəsmiləşdirib.
“Azəri-Med-MNK” Məhdud Məsuliyyətli Cəmiyyəti 2008-ci ilin mart ayında təsis edilib.
Şirkətin o zaman qanuni təmsilçisi Kəmaləddin Qafarov olub. Bu şirkət də Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev 65 A, mənzil 155 ünvanındadır.
Kəmaləddin Qafarov 2014-cü ildə Milli Onkologiya Mərkəzinə baş direktor vəzifəsinə təyin olunanda “Azəri-Med-MNK” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiliyini ailə üzvlərindən birinin – Qafarova Canilya Rəhim qızının adına rəsmiləşdirib.
Kəmaləddin Qafarov 2008-ci ilin may ayında daha bir şirkət yaradıb. Bu şirkətin adı “Kanon” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Kanon” MMC 2014-cü ilin sentyabr ayında Abbasov Səbuhi Füqar oğlunun adına rəsmiləşdirilib.
İdxalçı olan bu şirkətin hazırda nəzarətində yüzlərlə apteki var.
Deputat Kəmaləddin Qafarovun daha bir şirkətinin adı isə “Mega Pharmacy” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Deputat bu şirkəti 2009-cu ildə təsis edib. Bu şirkətin hüquqi ünvanı deputatın bir zamanlar yaşadığı mənzil olub – Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev 65 A, mənzil 155 ünvanı.
Deputat 2014-cü ildə şirkəti Qafarova Canilya Rəhim qızının adına keçirib. Xaricdən ölkəyə dərman vasitələri gətirən şirkətin Bakı və digər iri şəhərlərdə yüzlərlə aptekinin olduğu bildirilir.
Əlbəttə ki, bütün bunlar Milli Onkologiya Mərkəzində, Milli Məclisdə, Səhiyyə Komitəsində kreslo və tribuna əldə etmiş Kəmaləddin Qafarovun uzun illərdir ki, səlahiyyətlərindən istifadə edib genişləndirdiyi biznesinin görünən hissəsi, daha doğrusu öz adına olanlardır.
Deputatın şirkətində çalışan etibarlı adamların, dostlarının, qohumlarının adına rəsmiləşdirdiyi onlarla daşınan və daşınmaz əmlakların olduğu barədə dəfələrlə yazılıb.
Bu barədə növbəti yazımızda geniş yazacağıq…
Qeyd edək ki, cari ilin yanvar ayında Prezident İlham Əliyev Rəqabət Məcəlləsini təsdiq edib.
Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Rəqabət Məcəlləsinin qəbulu bazarlara giriş maneələrini aradan qaldıracağını, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcəyinə ümidlər yaradır.
Ancaq Kəmaləddin Qafarovun timsalında monopolist deputatların, məmurların Rəqabət Məcəlləsinin fəaliyyətinə nə qədər imkan verəcəkləri artıq zaman məsələsidir… (Qlobal.az)