Mart ayının 6-da saat 19:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.
Dövlət Sərhəd Xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib və üzərindəki bağlamaya baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 275 qram narkotik vasitə (4 kq 995 qr metamfetamin, 1 kq 280 qr marixuana) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.