Əziz həmvətənlər! Bu gün qloballaşan dünyada müxtəlif platformalar mövcuddur. Müstəqil, çoxşaxəli siyasət həyata keçirən Azərbaycan dövləti milli maraqlarına uyğun olaraq beynəlxalq əməkdaşlığını genişləndirir. Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiya həyata keçirir. Ölkəmizin BRICS çərçivəsində əməkdaşlığı da bu baxımdan xüsusi vurğulanmalıdır.
Cənab Prezident İlham Əliyevin Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı Azərbaycana və onun liderinə ehtiramın ifadəsidir.
“Yeni Gundem” xəbər verir ki,bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib
Ölkəmiz dünyada böyük nüfuza sahibdir və etibarlı tərəfdaş kimi qəbul olunur. Nəzərə alaq ki, ölkəmiz dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib. Qoşulmama Hərakatında uğurlu sədrliyimizdən sonra Azərbaycan bu təşkilatda hələ də aktiv və səmərəli fəaliyyət göstərir. Həmçinin, Azərbaycan COP29 sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Bu konteksdə, həm də BRİCS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir.
BRICS platforması geniş iqtisadi imkanlar və fürsətlər blokudur. Təşkilatın siyasi prinsipləri qarşılıqlı hörmət və yaxın dostluq məramlarına əsaslanmaqla üzv ölkələr arasında bərabərhüquqluluq, etimad, dəstək və həmrəylik ruhunu möhkəmləndirir, iqtisadi münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir. Nəzərə alsaq ki, BRICS qrupunun üzvləri dünyanın ən inkişaf etmiş ölkələridir, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı kimi dünya iqtisadiyyatında xüsusi payı olan bu dövlətlər qlobal iqtisadi platformalarda təsiredici və müəyyənedici rola malikdir. Eləcə də tranzit-logistika marşrutları və dəhlizlərin müəllifidir. Bu təşkilata digər ölkələrin qoşulması və BRICS+ formatının yaranması isə iqtisadi coğrafiyanın qitələrarası inteqrasiyasını sürətləndirib.
Sürətlə inkişaf edən ölkələr qrupu kimi səciyyələndirilən BRICS-ın Tatarıstanın paytaxtı Kazanda keçirilən XVI sammiti bir sıra önəmli məqamlarla yadda qalıb. O cümlədən BRICS-ın iştirakçı dövlətlərinin başçıları sammitin yekununa dair Kazan Bəyannaməsini qəbul ediblər. BRICS çoxqütblü dünyanın əsas güc mərkəzlərindən biridir. Azərbaycanın da iştirak etdiyi Kazan Sammitinin yekun bəyannaməsində qeyd olunur ki, dünya çoxqütblü xarakter daşıyır. Sammitdə iqlim dəyişikliyi ilə əlaqədar məsələlər, Azərbaycanın ev sahibliyi etdiyi COP29-un önəmi də qeyd olunub.
Hazırda iqlim çağırışlarının aktuallığı bütün dünya üzrə heç vaxt olmadığı qədər artıb. Azərbaycan COP29 konfransına ev sahibliyi hüququnu öz üzərinə götürməklə və ötən dövrdə məsuliyyətli hazırlıq həyata keçirməklə dünyanı narahat edən iqlim çağırışlarına necə böyük həssaslıqla yanaşdığını nümayiş etdirir. Kazan Bəyannaməsində BRICS-ın Bakıda COP29-un uğurla keçirilməsinə sadiqliyi vurğulanıb. Biz Azərbaycanda COP29-un uğurla keçirilməsində qərarlıyıq, – deyə sənəddə vurğulanır. Bəyannamədə müəyyən edilmiş fəaliyyət və məqsədlərə nail olmaq üçün əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi üzrə yaxşı nəticələr gözlənildiyinə dərin inam ifadə olunub. Bütün bunlar beynəlxalq birliyin ölkəmizə inamının ifadəsidir.