Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, cari ilin fevral və mart aylarında “Valehlər” MMC tərəfindən idxal olunan Özbəkistanın “Hayot Dried Fruit and Spices LLC” müəssisəsinin istehsalı olan 2000 kq qırmızı istiot (acı), “Vertex Commerce” MMC tərəfindən idxal olunan Meksikanın “Don Julio” müəssisəsinin istehsalı olan “Don Julio Blanco” əmtəə nişanlı 168 litr (240 ədəd 0.7 litr həcmdə) tekila və fiziki şəxs Hüseynov Hüseyn Elçin oğlu tərəfindən idxal olunan İran İslam Respublikasının “Hamid Fallah Co.” müəssisəsinin istehsalı olan 1020 kq püstə məhsulu partiyalarından Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində tekila məhsulunda metil spirtinin, qırmızı istiot (acı) və püstə məhsulunda isə Aflatoksin B1-in normadan artıq olduğu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının məhv edilməsi və ya istehsalçı ölkəyə geri göndərilməsi barədə qərarlar qəbul olunub.