Rusiyanın Əməkdar artisti Kristina Orbakaytenin aprelin 15-nə Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti oktyabrın 14-nə keçirilib.
“Yeni Gündəm” xəbər verir ki, təşkilatçılar bu qərarı koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətindəki profilaktik tədbirlərə uyğun olaraq verib.
Konsertlərə alınmış biletlərlə bağlı “iTicket.az”ın Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı satış məntəqələri, həmçinin 2 saylı köşkü (Bülbül prospekti, Nizami küç.) ilə əlaqə saxlayıb, məlumat almaq olar.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırıb. Vətəndaşlara adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.