Ordumuz bu gün 105 illik tarixi inkişafının zirvəsində qərar tutubbackend

Cəlil Xəlilov: Uğurlarımıza görə hər şeydən öncə Müzəffər Ali Baş Komandanımıza, Onun qətiyyət və cəsarətinə borcluyuq

“Bu il Silahlı Qüvvələrimizin yaranmasının 105-ci ildönümüdür. Bu, uzun və şərəfli bir yoldur. Azərbaycan Ordusu bu müddət ərzində bir çox dəfə böyük uğurlara, qalibiyyətlərə imza atıb, tarixi zəfərlər əldə edib. Lakin bu zəfərlərin ən böyüyü 44 günlük Vətən müharibəsində əldə edilən qələbədir”.

“Yeni Gundem” xəbər verir ki,  bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ordumuz 44 günlük Vətən müharibəsində bütün antiAzərbaycan qüvvələri üzərində parlaq qələbə əldə edib, regionda yeni hərbi-siyasi reallıq formalaşdırıb:

“2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabrında başa çatan bu müharibə ilə Azərbaycan sadəcə erməni faşizmini, onların havadarlarını məğlub etmədi. Həm də tarixi ədaləti, ölkə başçısının sözləri ilə desək, milli qürurunu bərpa etdi. 30 ildir işğal altıdna qalan torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz təmin olundu. Bu qələbə xalqın inamını özünə qaytardı. Bu qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan ordusu güclüdür, böyükdür, yenilməzdir”.

Ulu öndərin ordu quruculuğu siyasəti və Prezident İlham Əliyevin memarı olduğu 8 Noyabr zəfəri

Polkovnik Cəlil Xəlilov bildiirb ki, Heydər Əliyev tərəfindən əsası qoyulan nizami ordu qurucluğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və 8 Noyabr zəfəri ilə öz məntiqi nəticəsini vermişdir:

“Azərbaycanda nizami ordu quruculuğu prosesi ilə bağlı ilk addımlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev qanunsuz silahlı dəstələri, pərakəndə silahlı qrupları ləğv etdi və beləliklə də, nizami ordunun formalaşdırılması istiqamətində ilkin addımlar atıldı. Tezliklə ölkədə vahid komandanlığa tabe olan ordu formalaşdırıldı. Ordunun peşəkar kadrlarla təmin edilməsi, texniki təchizatının yaxşılaşdırılması və s. istiqamətində ciddi qərarlar qəbul edildi.

Ulu öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyəti dönəmində nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu. Müasir ordu quruculuğu istiqamətində İlham Əliyevin atdığı çoxsaylı addımlar, həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan ordusunu adi, sıradan bir ordudan dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı”.

Ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandıran sərkərdə!

Polkovnik Cəlil Xəlilovun sözlərinə görə, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra da Silahlı Qüvvələrin daha da güclənməsi istiqamətində sistemli addımlar atmaqda, mühüm yeniliklər həyata keçirməkdədir:

“İlham Əliyevin hərbi quruculuq siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan Ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandırması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və s. kimi dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən İlham Əliyev, bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısndakı üstünlüyünü dəfələrlə artırmış, onu sözün həqiqi mənasında məğlubedilməz etmişdi. Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyayt və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynamış, nəticədə işğalçı orduya məxsus, dəyəri milyonlarla dollarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilmişdi.

Xarici dövltətlərdən Azərbaycan Ordusunun ehtiyacına uyğun olaraq alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edilmiş, məhz bunun sayəsində yaşayış məntəqələrimizi və əsgərlərimizi hədəf alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı “İsgəndər-M” raketlərinin bir çoxu havadaca vurulmuşdur. Nəticədə, sadəcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edilmişdir.

Bunu da qeyd edim ki, ölkə başçısı öz çıxışlarında qabaqcıl dövlətlərdən müasir hərbi texnikaların alınması siaysətinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bəyan edib ki, bu da Azərbaycan Ordusunun post-müharibə dönəmindən sonra da hərbi-texniki təchizat baxımından öz liderliyini qoruyub saxlayacağı deməkdir”.

Ordumuz üçün yeni dönəm: Komando birlikləri, uzaqmənzilli raketlər, müasir PUA-lar…

Ekspertin bildirdiyinə görə, ordumuzun döyüş qabiliyyətinin artırılması yönündə atılan addımlar ölkəmizin müdafiə qabiliyyətini də müvafiq olaraq gücləndirməkdədir:

“Silahlı Qüvvələrin yaradılmasının 105-ci ildönümündə Azərbaycan Ordusu əldə etdiyi böyük nailiyyətlərlə diqqət çəkir. Prezident İlham Əliyev 23 iyun 2023-cü ildə Müdafiə Nazirliyinin komando hərbi hissəsinin açılışında bildirdi ki, bugünkü Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanmış ordumuzdan belə daha güclüdür.

Bundan başqa, Ali Baş Komandan yeni PUA-ların, uzaqmənzilli raketlərin alındığına da diqqət çəkdi, komando birliklərinin önəminə toxundu. Bütün bunlar onu göstərir ki, Azərbaycan Ordusunun inkişafı tarixində mahiyyət etibarı ilə yeni dönəm, yeni mrəhələ başlayıb. Bu mərhələ ordumuzun gücünün artması, müdafiə qabiliyyətimizin daha da yüksəlməsi ilə müşahidə olunmaqdadır. Və biz bütün bunlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun qətiyyətinə, cəsarətinə, dəmir iradəsinə borcluyuq”.