Özünü güllələyən məşhur pediatr kim idi? – DOSYEbackend

Xəbər verdiyimiz kimi, respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev Abşeron rayonu Goradil qəsəbəsində yerləşən evində özünü güllələyib. 

“Yeni Gundem” mərhum alimin barəsində bir sıra məlumatları təqdim edir.

Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olmuşdu. 1965-ci ildə kəndin 8 illik məktəbini,1967-ci ildə isə Daşkənd kəndi orta məktəbini qızıl medalla bitirmişdi. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirərək əvvəlcə həkim-ordinator, kiçik elmi işçi vəzifəsində işləmişdi.

1977-ci ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə Moskvada namizədlik və 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdi. 1992-ci ildən professor və ATU-nun Uşaq Xəstəlikləri kafedrasının müdiri seçilmişdi. 1994-cü ildən Səhiyyə Nazirliyi K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsində işləyib. Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisi idi. 2000-ci ildən əməkdar elm xadimi idi. 2007-ci ildə Türk Dünyası Pediatriya Birliyinin prezidenti seçilmişdi.

Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifi idi. Onun rəhbərliyi ilə 5 nəfər elmlər namizədi və 1 nəfər elmlər doktoru müdafiə edib.

Ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin.