Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın “France Inter” ictimai radiokanalına müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab verib.
“Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir. Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir. Bununla yanaşı, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur. Azərbaycan öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir. Fransa tərəfi sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır”.
Mövzu ilə bağlı “Yeni Gundem”-ə danışan siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Fransa XİN rəhbərinin sözügedən ifadələri birbaşa olaraq Ermənistanı sülh gündəliyindən yayındırmaq cəhdləri kimi qiymətləndirmək olar.
“Əvvələr də oxşar açıqlamaların şahidi olmuşuq. Vaşinqton formatının önə keçdiyi ərəfəsində bu açıqlamanın verilməsi təsadüfü deyil. Fransa XİN rəhbərinin sözügedən ifadələri birbaşa olaraq Ermənistanı sülh gündəliyindən yayındırmaq cəhdləri kimi qiymətləndirmək olar. Çünki Vaşinqton danışıqları Parisə sərf etmir. Fransa həm də Avropa İttifaqının fəaliyyətdə olan sədridir. Avropa İttifaqı istəməz ki, Vaşinqton formatlı sülh prosesi həyata keçirilsin. Bu mənada Fransa XİN rəhbərinin açıqlamasını suları bulandırmaq cəhdi kimi qiymətləndirmək olar.”
K.Novruzovun fikrincə, Paris bu kimi cəhdlərindən uzaqlaşmasa, ölkəmizin həm Fransaya, həm də Aİ-yə etimadı azala bilər.
“Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin fransalı nazirə cavabı kifayət qədər konkretdir. Rəsmi Paris bu cəhdlərdən uzaq durmalıdır. Əks halda həm Fransaya, həm də Aİ-yə etimadımız azala bilər”,-deyə o qeyd etdi.
Fərahim Rəhimov