Paşinyan bu dəfə kimdən dərs alıb? – FAKTLAR və SÜBUTLARbackend

Geridə qoyduğumuz gündə Ermənistan Azərbaycana qarşı növbəti dəfə təxribat törətdi. Nəticədə hər iki tərəfdən itkilər oldu. Ermənistan və onun havadarları regionda yeni reallıqları yaradaraq, söz sahibinə çevirilən Azərbaycandan çəkinməyərək bu cür addım atması və yaxud atmaları təccüb doğurmur. Çünki düşünülməmiş mənasız siyasət İrəvan diplomatiyasının rəmzidir. Yəqin ki, şovinistlər Seyid Əli Xomeyninin tapşırıqlarını yaxşı başa düşməyiblər. Mövzu çox qəliz olub. Bu onu deməyə əsas verir ki, Ermənistan növbəti dəfə imtahandan kəsiləcək.

Bu gün Cənubi Qafqazdakı maraqların sayı o qədər çoxdur ki, onu hesablamaq çətin və komedik olur.

Ən maraqlısı bu deyil. Dünən Ermənistan mətbuatı qəribə informasiyalarla günə başladı. Bəlkə də aranı qarışdırmaq, fikri yayındırmaq məqsədi güdülə bilərdi. Axı onlar heç də axmaq yalan danışmır. Adətən yalanı elə danışırlar ki, biraz düşünmək lazım gəlir.

Erməni mənbələri yazıb ki, gələn ay Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşü baş tuta bilər. Onlar bunu Soçi, yaxud Brüssel kimi də qeyd edə bilərdilər. Deməli Nikol dünən gecə çox güclü təlimatlar alıb və onları həll etməkdə çox çətinlik çəkib. Təlimatı təxmin etmək çətin deyil. Onlardan biri o ola bilər ki, hansısa yola Kremlin Cənubi Qafqazda maraqlarına zərbə vurulsun. Rusiya çox yaxşı bilir ki, ABŞ məni vurmaq üçün hər vasitədən istifadə edəcək. O təkcə Ukraynanı poliqona çevirməklə kifayətlənməyəcək.

Digər tərəfdən aprelin 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Brüsseldə iclasda bildirib ki, Bakı və İrəvan Zəngəzur dəhlizinin reallaşması məsələsində razılığa gəlib. Deməli Avropanın Azərbaycanın təklif edib, irəli sürdüyü Zəngəzur dəhlizi ilə bağlı heç bir narazılığı yoxdur. Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə Moskvanın Zəngəzur dəhlizi layihəsini dəstəklədiyini bildirib. Layihənin icrasına zidd yanaşan tərəf İran İslam Respublikasıdır.

Məlumat üçün bildirək ki, SEPAH-ın Zəngilan istiqamətində, Azərbaycanla sərhəddə hərbi hava qüvvələrinin yüksək hazırlıqlı təlimlərə başlaması haqqında informasiyalar yayılıb. Qeyd edək ki, dünən İranın milli təhlükəsizlik şurasının katibi erməni həmkarı ilə görüşərək, Tehranın özündən uydurduğu cəfəngiyyat layihələrdən söhbət ediblər.

Daha bir faktı da qeyd etmək yerinə düşər. ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Cənubi Qafqazda səfərdədir.

Maraqlısı odur ki, bu dəfə rəsmi Moskvadan heç bir cavab gəlmədi.

Görünən odur ki, iki ölkə münasibətləri molla rejiminin səyləri ilə növbəti gərginlik mərhələsinə qədəm qoyub.

Azərbaycan Ordusu onsuz da vacib mövqelərində möhkəmlənir.Yenə də itirən tərəf Ermənistandır. Artıq hər şey çox gecdir. Biz heç kimi sülh üçün məcbur edə bilmərik. Prezident İlham Əliyevin dediyi kimi, “Ermənistan istəsə sülh olacaq, istəməsə olmayacaq”. Regionda ən çox sülh də İrəvana lazımdır. Ermənistan molla rejiminin narkotik ticarətini deyil, gələcək aqibətini düşünməlidir. Bu gün ölkəmiz Ermənistanın daxil olduğu həm KTMT, həm də MDB ölkələri ilə dostluq və qardaşlıq əlaqələrindədir. Ermənistan unutmamalıdır ki, Azərbaycan Ordusunun hərbiçisi Göyçə gölünün yaxınlığında xidmət keçirir. Göyçə gölünün nə demək olduğunu yəqin ki, İrəvan yaxşı bilir. Ancaq Azərbaycan sülhün tərəfdarıdır. Sülhsüz heç bir inkişafdan söhbət gedə bilməz. Yolumuz sülh , mövqeyimiz isə dəyişilməzdir.

Fərahim Rəhimov

“Yeni Gundem”