“Yeni Gundem” xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi 3 Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirib.
3 dekabr Beynəlxalq Əlillər Günüdür
Çıxış edən QHT sədri sədri Məhluqə Rəhimova gündəlikdə duran məsələlərdən danışıb. Bu günün mahiyyətindən, seminarın keçirilməsinin məqsədi və uğurlu nəticələri barədə iştirakçılara geniş məlumat verib.
Bildirib ki, tədbir “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı və BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində keçirilir.
Əlilliyi olan şəxslərin də iştirak etdiyi seminarda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinin məqsədi barədə məlumat verilib. Bu dəyişikliklərin həssas qrupdan olanların həyatına təsiri, buna görə də baş verə biləcək təhlükənin vaxtında aradan qaldırılmasının vacibliyi vurğulanıb. Əlilliyi olan şəxslərə lazımı imkanların yaradılmasına diqqət çəkilib. Onları təmsil edən təşkilatların iştirakçılığı, bu sahədə fəallıq göstərmələrindən danışılıb. COP29 sesiyasında Əlil Təşkilatları İttifaqının təqdimatı zamanı əlilliyi olan şəxslərin iştirakçılığı, onlar tərəfindən mesajların verilməsi müzakirələrə səbəb olub.
Təlimçi İradə Rizazadə seminarda çıxış edərək 3 Dekabr Beynəlxalq Əlillər günü ilə bağlı məlumatlar verib. Bu günün mahiyyəti, əsas istiqamət olan əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışların qarşısının alınmasına diqqət çəkib.
Seminarda əlilliyi olan məcburi köçkün qadınlar və qızlar, icma üzvüləri də iştirak etdilər. Onlar real həyatda qarşılaşdıqları problemlər, onların həlli yolları ilə bağlı maraqlı təkliflər irəli sürüblər. Daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirilib. Sonra həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparılıb. Əlilliyi olan qadınların və qızların yaxınları tərəfindən də mühitin dəyişdirilməsi kimi məsələlər, problemlər haqqında danışılıb. Hüquqlarının təmini və icmaların fəallığının artırılması, bələdiyyələrin, könüllülərin onlara göstəriləcək sosial xidmət sahəsinə cəlb olunması, onlara dəstəyin verilməsinin önəmi vurğulanıb.
Ümumilikdə, layihə çərçivəsində keçirilən belə seminarların məqsədi əlillyi olan qadınlara və qızlara qarşı ictimai yerlərdə münasibət, davranış problemlərinə və zorakılıq hallarına diqqət çəkməkdir. Onların yaşadığı icmalar tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskriminasiya hallarının aradan qaldırılması yollarını müzakirə etməkdir.
3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən seminarda SENİ Şirkəti və AzEstetik GROUP tərəfindən əlilliyi olan qadın və qızlara hədiyyələr təqdim edilib. SENİ Şirkətinin marketoloqu Fəridə Fərziyeva ehtiyacı olan 30 nəfəri gigiyenik ləvazimatlarla təmin edib.
“AzEstetik GROUP”un Biznes inkişaf rəhbəri Həşim Quliyev vasitəsiylə şirkət tərəfindən əlil arabasında olan və gözəllik salonlarına gedə bilməyən qadınlar və qızlara 10 fen təqdim olunub. İctimai birliyin sədri Məhluqə Rəhimova hədiyyələrin verilməsində dəstəyinə görə hər iki şirkətin rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Ümumilikdə, seminarda 30 nəfər iştirak edib.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022–avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq. Qeyd edək ki, qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunan yeganə qlobal qrant vermə mexanizmdir.