Peşəkar Çövkən Liqasının açılış mərasimi olubbackend

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub.

“Yeni Gundem” xəbər verir ki, Binə Atçılıq Mərkəzində reallaşan tədbirdə DSX-nin rəisi, ARAF-ın prezidenti Elçin Quliyev qədim tariximizin təcəssümü olan Qarabağ atlarının iştirakı ilə keçirilən bu turnirin Azərbaycanda çövkənin gənclər arasında təbliğatında böyük rol oynayacağını bildirib. Çövkənin qədim tarixindən bəhs edən federasiya rəhbəri hər il ənənəvi olaraq baş tutan Prezident Kubokunun və Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsinin ölkədə bu idman növünün inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.

Sonra Azərbaycan Dövlət Himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov Binə Atçılıq Mərkəzinin yerli və beynəlxalq yarışlara ev sahibliyi etməsinin sevindirici hal olduğunu diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra iştirakçı komandaların atlı paradı baş tutub.

Bədii hissə ilə davam edən mərasimdə Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda nümayiş etdirdiyi şou-kompozisiyası izləyicilər tərəfindən maraqla qarşılanıb.

Daha sonra “Ağstafa Dilbaz” və “Zəfər” komandaları arasında görüş start götürüb. Liqanın ilk turunun digər qarşılaşmaları mayın 22-də eyni məkanda oynanılacaq.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasına dekabrın 4-də yekun vurulacaq.