Hər gün minlərlə təyyarə səmaya qalxır və enir. Sərnişinlər üçün bu, adi bir səyahət kimi görünsə də, hər uçuşun arxasında böyük bir məsuliyyət və fədakarlıq dayanır. Pilotlar və ekipaj üzvləri hər an gözlənilməz vəziyyətlərə hazır olmalı, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün sürətli və düzgün qərarlar verməlidirlər. Bu yaxınlarda baş verən Azərbaycan təyyarə qəzası da onların qəhrəmanlığını bir daha sübut etdi.
2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Təyyarədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən təyyarənin hər iki pilotu həlak olub.
Dekabr ayında Azərbaycan aviasiyası tarixində baş verən faciə təkcə böyük bir itki deyil, həm də qəhrəmanlıq dastanı kimi yadda qaldı. Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Bu qəza zamanı təyyarənin bütün ekipaj üzvləri – Kşnyakin İqor, Kalyaninov Aleksandr, Əliyeva Hökümə və Rəhimli Aydan – həyatlarını sərnişinləri xilas etmək üçün fəda etdilər. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq.
Pilot kabinəsində əyləşən Kşnyakin İqor və Kalyaninov Aleksandr qəzanın qarşısını almaq üçün son ana qədər mübarizə apardılar. Təyyarədə nasazlıq yaranan andan etibarən, onlar sərnişinlərin həyatını xilas etmək üçün bütün bilik və təcrübələrini səfərbər etdilər. Təyyarəni mümkün qədər təhlükəsiz bir yerə endirmək üçün hər düyməyə toxunduqları an, əslində insan həyatının əhəmiyyətini bir daha sübut edirdi.
Kşnyakin İqor, kapitan pilot kimi, böyük soyuqqanlılıq nümayiş etdirirdi. Onun üçün sərnişinlərin həyatı öz həyatından daha önəmli idi. İkinci pilot Kalyaninov Aleksandr isə kapitanın əmrlərini icra edərək idarəetmədəki kritik addımları atırdı. Onların hər ikisi aviasiyanın ən çətin anlarında belə soyuqqanlı qalmağın, peşəkarlığın və cəsarətin nə demək olduğunu bir daha göstərdi.
Əliyeva Hökümə sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etdi. Qəza zamanı o, sərnişinlər arasında sakitliyi təmin etmək üçün cəsarətlə çalışırdı. İnsanların panikaya qapılmaması üçün onların yanında olaraq təlimatları izah edir,”Hər şey yaxşı olacaq” deyərək ümidini itirmirdi.Bu qəhrəmanlar, sadəcə öz vəzifələrini deyil, həm də insanlıq borclarını yerinə yetirdilər. Təyyarənin göyərtəsində baş verən hər bir an, onların həyatlarını sərnişinlər üçün fəda etməyə hazır olduğunu göstərirdi. Onlar öz qorxularını arxa plana ataraq, başqalarının həyatını qorumaq üçün çalışdılar.
Kşnyakin İqor, Kalyaninov Aleksandr, Əliyeva Hökümə və Rəhimli Aydan Azərbaycan aviasiyasının əsl qəhrəmanlarıdır. Onların adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Onlar hər zaman xatırlanacaq və gələcək nəsillərə nümunə olacaq.
Bu qəhrəmanlar göstərdi ki, fədakarlıq və insanlıq hər şeydən üstündür. Onların xatirəsi qarşısında baş əyirik və göstərdikləri qəhrəmanlığı heç vaxt unutmayacağıq. Bu insanlar yalnız səmada deyil, həm də insan ürəklərində əbədi yaşayacaqlar.
Bakı Qızlar Universitetinin tələbəsi Əliyeva Zəhra Nəsimi Rayon gənci