Prezident Belçikanın Xarici işlər nazirini qəbul etməyəcəkbackend

Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.

“Yeni Gundem” xəbər verir ki, buna səbəb nazirin ermənipərəst mövqe tutmasıdır.

Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib.

Belçika XİN rəhbəri regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək.

Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətən, Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Məlumatda bildirilib ki, ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.

Qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur.

Belçikanın xarici işlər naziri Hadca Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edən Hadca Labib bu ölkənin xarici işlər naziri və Baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.