Prezident belə deyir, Nərimanov İH başçısı isə elə edir – Foto/Videobackend

Bakının Nərimanov rayonu paytaxtın mərkəzi ərazilərindən olsa da, burada qanunsuz işlər görülməsi başqalarından o qədər də fərqlənmir. Halbuki rayonun icra başçısı dəyişdi, Abdin Fərzəliyev Abşerona göndərildi, Elgün Həbibullayev onun yerinə gətirildi… Amma çi fayda?!
Yeni gələn İH rəhbəri də xələfinə “rəhmət oxutmağa” başladı. Elə götürək Nərimanov rayonu, Faiq Yusifov küçəsi 125-131 ünvanında baş verənləri. Təsəvvür edin ki, bu ünvanda hündürmərtəbəli evin ana divarlarını sökərək obyektə çeviriblər. Və bu tikinti normativlərinin pozulmasından Nərimanov rayon şefi Həbibullayev “bixəbər” imiş.
Tribunainfo.az-a verilən xəbərdə deyilir ki, hadisə təxminən 1 ay əvvəl olub. Rusiyadan bir iş adamına satılan həmin iaşə obyekti kimlərisə babat varlandırıb. Ancaq evin ana divarlarını söküb obyektə çevirməklə pul qazanıldığı halda, doğurdanmı E.Həbibullayev bir icra başçısı kimi məsələdən agah olmayıb, yaxud ona da nəsə çatmayıb? – Sual ritorikdir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən və minlərlə insanın ölümündən sonra Bakıda hündürmərtəbəli evlərin 1-ci mərtəbəsinin təyinatının dəyişdirilməsində qadağalar tətbiq olundu. Yəni yaşayış üçün nəzərdə tutulan mərtəbənin təyinatının qeyri- yaşayışa dəyişdirilməsi qadağan olundu.
Daha sadə dildə desək, F.Yusifov küçəsində o evin ana divarlarını sökərək onu qeyri-yaşayış, yəni obyekt kimi istifadə etmək məhz təyinatını dəyişmək, qanunları pozmaq deməkdir. Lakin Nərimanov İH başçısı E.Həbibullayev özünü bu qadağadan xəbərsiz kimi aparmaqdadır.

Yeri gəlmişkən, təxminən bir neçə il əvvəl Prezident İlham Əliyev rayon icra başçılarına xəbərdarlıq xarakterində çıxış etmişdi. Dövlət başçısı məhz bu problemə toxunaraq, məmurların rayonlarda boş yerləri satdığını açıqlamışdı. Görünür ki, Nərimanov İH başçısı ya fikirləşir ki, Prezidentin həmin çıxışının üstündən illər keçib, unudulub, yəni nə istəsən etmək olar, ya da hazırda həbs həyatı yaşayan keçmiş həmkarlarını yada salmaq istəmir.
Üstəlik, məsuliyyəti təkcə Həbibullayev daşımır, həmin obyektin ətrafında çoxillik ağacların məhv olmasına görə cavabdeh olan Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi də var. Maraqlıdır, meriyanın tabeliyində olan Yaşıllaşdırma Təsərrüfat Birliyi sözügedən ünvanda yaşıllıqların kəsilməsindən məlumatsızdır, yoxsa bu qurumu ağacların qırılması maraqlandırmır? Ümumiyyətlə, adından da bəlli olduğu kimi, işi yaşıllaşdırma olan Təsərrüfat Birliyi bu müddətdə hara baxırdı? BŞİH rəhbəri bu qurumun və onun rəhbərliyinin fəaliyyətinə diqqət yetirirmi?
Axı şəhərin mərkəzi ərazisində bir tərəfdən evin ana divarları yıxılır, yeri obyektə çevrilir, bəli, buna Nərimanov İH rəhbərliyi məsuliyyət daşıyır, bir yandan isə bu obyektin ətrafındakı ağaclar ekoloji qətliama məruz qalır və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi “tükünü tərpətmir”. Görəsən nə üçün? Bəlkə bu məsələ işbirliyi və ya sövdələşmə var? Hər halda, bütün aidiyyatı orqanlar araşdırmalıdır – Həbibullayevlə Yaşıllaşdırma Təsərrüfat Birliyi rəhbərliyinin bu fakta olan münasibətini…
Bundan əlavə, o da məlumdur ki, Bakıda obyekt və digər tikililərə birbaşa cavabdeh Şəhərsalma və Arxitektura Komitəsidir. Şəhərdə daşı daş üstünə qoyanda gərək adı çəkilən qurumdan icazə alasan. Belə nəticə çıxır ki, komitə məsələdən məlumatsızdır. Hər halda, biz bir media olaraq məsələni ictimailəşdirdik. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, fotodo gördüyünüz obyektin ətrafında çoxillik ağaclar yoxa çıxıb. Bu ekoloji və arxitektur cinayətlərlə bağlı Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Yaşıllaşdırma Təsərrüfat Birliyi sorğumuza cavab verməyib. Məsələ ilə bağlı adıçəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.