Prezidentə təbriklər gəlməkdə davam edir – Yenilənirbackend

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

“Yeni Gundem” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Siz və Azərbaycan xalqı Müstəqillik Gününüzü qeyd edərkən mən və həyat yoldaşım Zati-alinizə və xalqınıza səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuruq.

Mən xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndirirəm və ümid edirəm ki, ölkələrimiz gələcək nəsillərimizə fayda verəcək mühüm qlobal məsələlərdə, istər sülh və rifah, istərsə də ətraf mühit və iqlim dəyişikliyi məsələlərində sıx əməkdaşlığı davam etdirəcəklər.

Mən və həyat yoldaşım fürsətdən istifadə edərək milli bayramınız münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı çatdırırıq”.

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına isə davamlı inkişaf, rifah arzu edirəm.

Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk”.

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına isə daha çox inkişaf, firavanlıq arzu edirəm.

Zati-alinizə xoş arzularımızı və dərin hörmətimizi bildiririk”.

***

İspaniyanın Kralı VI Felipedən

“Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, sevimli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm”.

***

Belçikalıların Kralı Filip:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi, cansağlığı, əmin-amanlıq arzularımı çatdırıram”.

***

Niderlandın Kralı Villem-Aleksandr:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi bildirir və Azərbaycan xalqına firavanlıq arzu edirəm”.

***

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza

“Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.

Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”.

***

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

“Hörmətli İlham Heydər oğlu.

Qazaxıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Respublikanızın suveren inkişafı tarixində əlamətdar olan bu gün azərbaycanlıların xüsusi qürur mənbəyidir, ölkənin birliyini və həmrəyliyini, davamlı inkişaf və tərəqqi yolu ilə inamlı irəliləyişini təcəssüm etdirir.

Azərbaycanın dövlətçilik əsaslarının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üzrə böyük nailiyyətlər bu tarixi günü xüsusi rəmzlə tamamlayır.

Qazaxıstanda qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qarşılayır, dostluq və qarşılıqlı dəstək ruhunda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət yetirirlər. Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bir-birinə yaxın olan xalqlarımızın tərəqqisi naminə bundan sonra da möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə milli lider kimi fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

***

Belarus Prezidenti Aleksandr Lukaşenko

“Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün azərbaycanlıları Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Ölkəniz əsas bayramını Sizin müstəqil, suveren dövlət quruculuğu kursunuz sayəsində əldə olunmuş yüksək iqtisadi inkişaf nəticələri və beynəlxalq arenada uğurlarla qarşılayır.

Bu yaxınlarda dost Azərbaycana səfərimi səmimiyyətlə xatırlayıram. Səfər zamanı bizim üçün mühüm olan məsələlərin geniş spektrini etimada əsaslanan və konstruktiv məcrada müzakirə etdik.

Geniş məzmunlu danışıqların yekunları strateji tərəfdaşlığın səviyyəsini təsdiqlədi, Minsk ilə Bakı arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin böyük potensialını nümayiş etdirdi.

Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə möhkəm cansağlığı, səadət və əmin-amanlıq, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

***

Koreya Prezidenti Yun Sok Yol

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin inkişaf edərək xalqlarımız arasında dostluq əlaqələrini daha da gücləndirəcəyinə ümidvaram.

Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi rifah arzu edirəm”.

***

Xorvatiya Prezidenti Zoran Milanoviç

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik sıx əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək istiqamətində çalışmağa davam edəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi

“Hörmətli Prezident.

Azərbaycanın Müstəqillik Gününün ildönümünün qeyd olunması münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyur, ölkənizə tərəqqi və firavanlıq arzulayıram.

Ölkələrimizi möhkəm dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dost ölkələrimiz arasında dinamik inkişaf edən münasibətlər xalqlarımızın ümumi maraqları naminə birgə fəaliyyətimiz və səmərəli əlaqələrimiz sayəsində bundan sonra da ardıcıl şəkildə möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə olan ən yüksək ehtiramımla yanaşı, səmimi salamlarımı, möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbaycan xalqının davamlı rifahı, tərəqqisi ilə bağlı ən xoş arzularımı da qəbul etməyinizi xahiş edirəm”.

***

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik

“Zati-aliləri.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf hissi duyuram.

ICESCO üzv ölkələrlə qəti birlik nümayiş etdirərək xalqınızın bu əlamətdar günündə sevincinizə şərik olduğunu xüsusi vurğulayır.
Biz Sizinlə və xalqınızla birlikdə bu əziz bayramı qeyd edirik.

Bu gün olduğu kimi, gələcək illərdə də ICESCO-nun davamlı dəstəyinə və əməkdaşlığına əmin ola bilərsiniz.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

***

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha

“Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzu edirəm.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək dəyərləndirir və İslam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcəkdir.

Üzv ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizin dəstəyinə ümidvaram.

Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov

“Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və Sizin simanızda bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu gün Azərbaycan Respublikası tərəqqi və dinamik inkişaf yolu ilə inamla addımlayır, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır.

Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluğa, dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

***

Qırğız Respublikasının Prezidenti Sadır Japarov

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.

Bu gün müstəqil Azərbaycanın özünün müasir tarixində həm əhalinin rifah halının yüksəldilməsində, həm də güclü dövlətin qurulmasında əldə etdiyi böyük uğurların şahidi oluruq. Azərbaycan hazırda beynəlxalq arenada sanballı yerə malikdir. Azərbaycanlı qardaşlarımızın uğurlarına həmişə şadıq.

Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri iki xalqın rifahı naminə gələcəkdə də ardıcıl inkişaf edəcəkdir.

İcazə verin Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayım”.