Prezidentin Soçi səfəribackend

Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri – İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirildi. Bu, ay ərzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə sayca ikinci görüş idi. Bundan əvvəl oktyabrın 7-də Praqada Prezident İlham Əliyev, baş nazir Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Fransa lideri Emmanuel Makronun iştirakı ilə dördtərəfli danışıqlar aparılıb. Bu görüş ümumilikdə müsbət qiymətləndirilir.

Qırx dörd günlük Vətən müharibəsindəki parlaq Zəfərdən sonra Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Növbəti proseslərin istiqaməti isə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması oldu. Bununla əlaqədar istər Rusiyada, istərsə də Avropa qitəsində keçirilmiş bütün görüşlər birmənalı şəkildə Azərbaycanın siyasi və diplomatik üstünlüyü ilə nəticələndi. Elə sonuncu dəfə Rusiyanın Soçi şəhərində keçirilmiş görüş də bu baxımdan istisna təşkil etmədi.Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov söyləyib.

Soçi görüşündən əvvəlki proseslərin və görüşün nəticəsinin çox maraqlı məqamlarla yadda qaldığını diqqətə çatdıran R.Vəlibəyov deyib: “Təsəvvür edin ki, Ermənistan tərəfi bütün görüşlərdə olduğu kimi bu dəfə də məyus olacağını, Azərbaycanın irəli sürdüyü prinsiplərlə razılaşacağını bilirdi. Bu baxımdan da istər media, istərsə də anti-Azərbaycan düşərgəsi üzərindən görüş öncəsi psixoloji təzyiq və narahatlıq atmosferi yaratmağa çalışırdı. Əlbəttə ki, manipulyasiya və spekulyasiya tədbirləri baxımından Ermənistanın atdığı addımlar onların vəziyyəti prizmasından normal qəbul oluna bilərdi. Bəs, görəsən Azərbaycandakı radikal müxalifətin erməni mövqeyindən çıxış etməsini necə izah etmək olar? Axı, necə hələ görüş keçirilməmiş, nəticəsi bəlli olmamış Ermənistanın müxtəlif kanallarla ictimai rəyə sızdırmağa çalışdığı uydurmalar üzərindən “hipotezlər” qurub “ssenarilər” çəkmək olar? Məhz Soçi görüşü öncəsi baş verən proseslər bir daha isbatladı ki, dünya erməniliyi, antia-Azərbaycan cəbhəsi və radikal müxalifət ölkəmizin Qələbəsinə ləkə gətirməyə çalışsa da, bu plan da fiaskoya uğradı. Beləliklə də, Soçi görüşü ilə Azərbaycan bir daha Ermənistanın bütün cəhdlərini neytrallaşdırdı və növbəti diplomatik qələbəsini qazandı”.

Siyasi şərhçi Elçin Mirzəbəyli: “Soçidə keçirilən görüşdən öncə oynanılan bütün oyunlar, çeşidli qütblərdən üzərimizə hücum çəkən hikkəli maraqlar bir neçə cümləlik deyimlə ayaqlarına atıldı: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”. Vəssalam! Kimsə özünü boş yerə yormasın, media resurslarında gün keçirən miskin təbliğatçıların ağzını köpükləndirməsin… Bu yolları 30 ilə yaxın bir zaman kəsiyində qarış-qarış keçmişik, izinə də, tozuna da bələdik. Haqqımız olanı dilimizlə-dırnağımızla, canımızla-qanımızla almışıq və alacağımız var, verəcəyimiz yoxdur…Soçidə keçirilən görüşdən sonra yayılan bəyanat sübuta yetirdi ki, heç bir hikkə, heç bir hiylə, ikibaşlı, üçbaşlı baxış bucağı milli iradəmizin tozuna belə toxuna biləcək gücdə deyil.

Beləliklə, Nikolun və “nikolaların” ümidləri Praqadan sonra Soçidə də çilik-çilik oldu. Görüşün yekun bəyanatında nə bəzilərinin bir neçə gün öncə ağız dolusu havaya üfürdüyü “münaqişə”, nə də sahibi ilə birlikdə ağ günlərinə qovuşan, Vətənimizin və canımızın bir parçası olan Qarabağın yad dilləri qançır edən adı yer almadı. Paşinyana və onu ümidləndirməyə çalışanlara da açıq mətnlə izah olundu ki, üçtərəfli sənədlərdə yer alan öhdəliklərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur.

Mədinə Xubaliyeva-Bakı Slavyan Universiteti