“Həssas əhali qruplarına qayğı dövlət siyasətinin prioritetini təşkil edir. Bu prosesə dəstək olaraq, Heydər Əliyev Fondu tərəfindən də uğurlu layihələr həyata keçirilir ki, bu da həssas təbəqənin sosial müdafiəsini daha da gücləndirir”.
“Yeni Gundem” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Nigar Məmmədova bildirib.
Deputat deyib ki, qanunvericiliyin mütəmadi olaraq təkmilləşdirilməsi, aidiyyəti qurumların reallaşdırdığı layihələr zərərçəkən şəxslərin hüquqlarının qorunmasını təmin etsə də, daha effektiv nəticələr əldə olunması üçün bəzi məsələlər hələ də müzakirə olunmalıdır: “Bu, ölkədə psixoloqların hazırlıq səviyyəsini yenidən nəzərdən keçirməyi tələb edir. İlk növbədə, prosesə peşəkar psixoloqlar cəlb olunmalıdır. Psixoloqların aldıqları təhsil ilə təqdim etdiyi xidmətə ciddi nəzarət edilməlidir. Məktəb, uşaq psixoloqunun ailə problemlərinin həllində fəaliyyət göstərməsi yolverilməzdir və ya məişət zorakılığına məruz qalan keçid dövründə olan uşaqla da metodika fərqlidir. Bu kimi fəaliyyət, həmçinin, peşə etikasının pozulması da deməkdir. Psixoloqlar özlərini daim təkmilləşdirməli, mütəmadi qaydada superviziyaya cəlb olunmalı, beynəlxalq yanaşmaları mənimsəməlidirlər. Yəni, psixoloqlar hərtərəfli inkişaf etmiş mütəxəssislər olmalıdırlar ki, düzgün yanaşma tətbiq etsinlər”.
Nigar Məmmədova əlavə edib ki, məişət zorakılığına məruz qalan şəxslərin cəmiyyətə inteqrasiyası olduqca vacibdir: “Burada psixoloqlar multidisiplinar komanda şəklində çalışa bilər, eyni zamanda sosioloq, defektoloq dəstəyi təşkil oluna bilər. Burada həm zorakılığa məruz qalan şəxslərin cəmiyyətə inteqrasiyasına, həm də hadisəni törədənlərin reabilitasiyasına nail olmalıyıq. Əks halda, aparılan prosesdən pozitiv nəticə ala bilməyəcəyik. Bunun üçün isə peşəkar psixoloq dəstəyinə, necə deyərlər, psixoloq ordusuna ehtiyac var. Məişət qurbanları ilə işləyən psixoloqların fəaliyyəti mütləq şəkildə ailə institutunu, milli dəyərləri möhkəmləndirməyə xidmət etməlidir”.
Sədr Sahibə Qafarova isə bildirib ki, Nigar Məmmədova çox mühüm məsələlər qaldırıb, MM-in müvafiq komitələri bununla bağlı birgə dinləmə də keçirə bilər.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, bir neçə il əvvəl “Psixoloji yardım haqqında” qanun qəbul edilib və qaldırılan məsələlərin bir çoxu orada əksini tapıb.
Spiker Sahibə Qafarova əlavə edib ki, qanunda əksini tapda da, bu gün qaldırılan problemlərə cəmiyyətdə rast gəlinir: “Elə həmin qanuna əsaslanaraq, ictimai dinləmənin keçirilməsinin çox böyük önəmi var”.