Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Akkuyu Atom Elektrik Stansiyasının açılışında iştirak etmək üçün Türkiyəyə gedəcək.
Bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib: “Prezidentlər belə bir görüşün vacibliyi barədə razılığa gəliblər”.
Putin türkiyəli həmkarı ilə hansı məsələləri müzakirə edəcək?
Mövzu ilə bağlı “Yeni Gundem”-ə danışan siyasi şərhçi Kənan Novruzov Putinin Türkiyəyə səfərini Ərdoğanın rusiyalı həmkarına jesti kimi qiymətləndirir:
“Liderlərin təmaslarında təsadüfi addımlar olmur. İndiki kritik məqamda düşünmürəm ki, Putinin Türkiyəyə gözlənilən səfəri ancaq yeni layihənin açılışını etməklə bağlıdır. Təbii ki, başqa məqamlarda var. Yəqin ki, liderlər müəyyən fikir mübadiləsi aparacaq ki, bunlar da ictimaiyyətə açıqlanmayacaq. Rusiya-Ukrayna müharibəsi elə bir həddə çatıb ki, Türkiyənin nəsə etməyə gücü çatmaz. Halbuki əvvələr imkanları daha çox idi. Bir çox dünya ölkələri Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq, Putin ölkəmizə gələrsə həbs olunmasını açıqlayıblar. Putinin Türkiyəyə səfəri Ərdoğanın Putinə jesti kimi qiymətləndirilməlidir”.
K.Novruzov görüşdə Cənubi Qafqazın müzakirə olunacağını da istisna etmir:
“Türkiyə və Rusiya prezidentləri Cənubi Qafqazı da müzakirə edə bilərlər. Xüsusilə Azərbaycan-Ermənistan münasibətləri. Eyni zamanda, Rusiyanın Türkiyəyə dəstəyi nümayiş oluna bilər. Çünki Türkiyə prezident seçkiləri ərəfəsindədir”.
K.Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin də Türkiyəyə səfər edəcəyinin gözlənildiyini bildirdi.
“Azərbaycan prezidentinində Türkiyəyə səfəri gözlənilir. Ehtimal edirəm ki, bəlkə də səfər eyni gündə olacaq. Hətta üçtərəfli görüş də keçirilə bilər. Putinin səfəri olmaya da bilər. Vəziyyət gərgindir. Putinin açılışa onlayn qoşulması da mümkündür”,- deyə o qeyd etdi.
Fərahim Rəhimov