Ülvi Quliyevin problemlərə qarşı səssizliyi Yasamal sakinlərini hiddətləndirib.
“DogruXeber.az” bildirir ki, ötən həftə Yeni Yasamal 2, Dairəvi küçə, birinci döngə küçəsinin sakinlərinin yolsuzluqdan əziyyət çəkdikləri barəsində məlumat vermişdik. Eyni zamanda sözügedən küçənin təmiri barəsində aidiyyatı qurumlar qarşısında məsələ qaldırması üçün millət vəkili Ülvi Quliyevə rəsmi sorğu göndərdiyimizi də qeyd etmişdik.
“Seçicilərin etimadını doğrultmaq hər bir deputatın borcudur” – Bəs borcunuzu niyə ödəmirsiniz, Ülvi müəllim?
Ərazidə ümumiyyətlə olmadığı üçün mövcud problemlərdən bixəbər olan biznesmen deputat bizim göndərdiyimiz sorğu əsasında Yasamal rayon icra hakimiyyətinə məktub göndərib, icra hakimiyyəti də cavab olaraq həmin yolun təmiri üçün cavabdeh “Gənc alimlər” MTK və “188” MTK-nın olduğunu bildirib.
Vəssalam. Köməkçisinin dediyinə görə Ülvi Quliyevin işi bundan ibarət imiş, o, da yerinə yetirib.
Yasamal Rayon İcra Hakimiyyətinə biz özümüz də sorğu göndərmiş olsaydıq, əminik ki, icra hakimiyyəti bizi də deputatdan daha operativ cavablandıracaqdı. Yasamal rayonunun bir çox ərazilərində aparılan abadlıq-quruculuq işlərindən, rayonun inkişafı və səliqə-səhmanından bəllidir ki, icra hakimiyyəti öz işini yüksək səviyyədə yerinə yetirir. Sakinləri narahat edən seçki öncəsi hər zaman az danışıb, çox işlədiyini deyərək özünü öyən, gen-bol vədlər verən millət vəkilinin, seçildikdən sonramı deyək, təyin olunduqdan sonramı deyək yenə öz səssizliyinə çəkilməsidir.
Bu səbəbdən də bir neçə gün əvvəl sözügedən küçənin sakinləri “Kanal14“ü dəvət edərək, mediamız vasitəsilə öz etirazlarını bildirdilər.
Gördüyünüz kimi, üzünü görmədikləri, adını bizdən eşitdikləri deputatları Ülvi Quliyevin laqeydliyi Yasamal sakinlərini hövsələdən çıxarıb, Ülvi müəllim isə çox təmkinli davranmaqda davam edir.
Əslində bunun adı təmkin də deyil. Ya Ülvi müəllim Yasamal rayonu ərazisində görüləcək işlər “limitini bitirib”, ya da öz şəxsi məqsədləri üçün bu “limit”i qənaətlə istifadə edir.
Artıq, bundan ən ucqar kəndlərdə yaşayan vətəndaşlar belə məlumatlıdırlar ki, deputatların böyük əksəriyyəti öz bizneslərini qorumaq və daha da inkişaf etdirmək üçün seçki komissiyalarının misilsiz dəstəyindən yararlanırlar. Beləliklə güclərini böyütdükdən sonra seçki öncəsi qarşılarında pafoslu, eyni zamanda məzlum çıxışlar etdikləri vətəndaşları növbəti parlament seçkilərinə qədər nə görür, nə də eşidirlər.
Onu da qeyd edək ki, istər bir çox məmurların qanunsuz əməllərini ifşa edən media, istərsə də vətəndaşların böyük əksəriyyətini qane etməyən hallarla bağlı digər qanun layihələri etirazlara baxmayaraq, tələm-tələsik müzakirəyə çıxarıb, qəbul edən parlamentdə əyləşən deputatların böyük əksəriyyəti biznesmen, sahibkar olduqları üçün öz şəxsi maraqları naminə bəzən ölkə başçısının tapşırıqlarına belə məhəl qoymurlar.
Məsələn, elə parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov hələ 2013-cü ildə bildirmişdir ki, – ““2007-ci ildə Azərbaycan prezidenti xüsusi sərəncamla “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Milli Strategiyanın tətbiq olunması haqqında Fəaliyyət Planı”nı təsdiq elədi. Burada dövlət başçısı tapşırır ki, dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasına yol verməmək üçün ayrıca qanun işləyib hazırlamaq lazımdır. Amma təəssüf ki, indiyə qədər belə bir qanunun hazırlanması üçün qanunvericilik təşəbbüsü ilə çıxış etməmişik”.
“Niyə?” deyə soruşub, sadəlövhlük nümayiş etdirmək istəmirik. Niyəsi bəllidir.
Bugünə qədər xalq olaraq səlahiyyət sahibləri tərəfindən “başımıza hörülən corablar”ın səbəbi məhz sadəlövh olmağımızdır.
Əlqərəz…
Danışdıqca hiddətləndik, hiddətləndikcə mövzudan uzaqlaşdıq.
Uzun sözün qısası, hörmətli Ülvi Quliyev, sizin bu qədər müddət ərzində ilk dəfə sizdən vəzifə borcunuzu tələb edən vətəndaşların yol probleminə qarşı biganəliyinizin səbəbləri barəsində də müəyyən məlumatlar əldə etmişik. Bu barədə da ətraflı araşdırmaları qarşıdakı günlərdə təqdim edəcəyik.
Bizi izləməkdə davam edin.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az