Yunanıstanda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra yerli azarkeşləri təhqir edən “Olimpiakos”un futbolçusu Pape Abu Sisse cəzalanıb.
“Yeni Gundem” “dakaractu.com” saytına istinadən xəbər verir ki, seneqallı müdafiəçi baş məşqçi Miçel Qonsalesin qərarı ilə əsas komandadan kənarlaşdırılıb.
27 yaşlı oyunçu etdiyi hərəkətə görə şəxsi “Instagram” səhifəsində üzrxahlıq mesajı paylaşsa da, bu, ispaniyalı mütəxəssisin qərarını dəyişməyib.
Qeyd edək ki, “Qarabağ” və “Olimpiakos” arasında növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.