Prezident İlham Əliyev oktyabrın 25-də DSX-nin Qubadlıda yeni istifadəyə verilən hərbi hissə kompleksinin açılışında iştirak edib.
Hərbi hissə Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonu ərazisindən keçən hissəsinin mühafizəsini təmin edəcək.
Xatırlayırsınızsa, oktyabrın 20-də Prezident İlham Əliyev DSX-nin Zəngilanda yerləşən hərbi hissəsində olmuşdu. Bu hərbi hissə isə Azərbaycanın İran və Ermənistanla dövlət sərhədlərinin Zəngilan rayonu ərazisindən keçən hissələrinin mühafizəsini həyata keçirəcək.
Diqqət ediriksə, işğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması xüsusi planlama ilə həyata keçirilir və strateji xarakter daşıyır. Azad edilən rayonlarda hərbi hissələrin açılması heç də təsadüfi addımlar deyil.
Qarabağın bərpa-inkişaf tədbirləri oranın müdafiə tədbirləri ilə paralel şəkildə aparılır. Bir tərəfdən Qarabağ bərpa olunur, digər tərəfdən də Qarabağın mühafizə potensialı genişləndirilir.
Bununla da Qarabağa “bronjilet” geyinmiş olur.
Qarabağda yeni hərbi hissələrin salınması ümumən müdafiə imkanlarımızın bir tərkib hissəsi rolunda çıxış etsə də, bu, həm də kifayət qədər həssas və gələcək risklərə, təhlükələrə qarşı hesablanmış strateji addımdır.
Məlumdur ki, Azərbaycanın İranla sərhədlərinin möhkəmləndirilməsi prosesinin aparılması olduqca vacib amildir. Bu, cənubdan ölkəmizə qarşı yönələn mənfi təmayüllərə qarşı mübarizə imkanlarımızı artıra bilər.
Digər tərəfdən, hazırda Azərbaycanla-Ermənistan arasında demarkasiya və delimitasiya prosesinin aparıldığı bir ərəfədə ölkənin sərhəd müdafiə imkanlarının gücləndirilməsi ən məntiqli qərardır. Bu, həm də Azərbaycanın demarkasiya və delimitasiya prosesindəki qətiyyətli mövqeyinin də ifadəsidir. Bununla həmin ərazilərdə gələcəkdə baş verə biləcək bütün risklər bəribaşdan sığortalanmış olur.
Bu baxımdan Prezident İlham Əliyevin dünən Qubadlı rayon ictimaiyyəti ilə görüşü zamanı dediyi fikirlər diqqət çəkir:
“Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada – istər siyasi meydanda, istər hərbi meydanda”.
Deməli, Qarabağdakı görülən tədbirlər çoxşaxəli olmaqla, risklərə, müdafiəyə, eyni zamanda inkişafa hesablanmalıdır.
Qarabağda güclü iqtisadiyat yaratmaq, xarici investorları ora cəlb etmək və diplomatik korpusların bir neçəsini ora yeləşdirmək lazımdır. Qarabağı dünya üçün toxunulmaz nöqtəyə çevirməliyik.
Digər tərəfdən, Azərbaycanın ən peşəkar ordu arsenalı məhz Qarabağda yaradılmalıdır və 44 günlük müharibədə ölkənin hərbi imkanları yenidən təhlil edilməli, daha peşəkar və çevik ordu qurulmalıdır: İqtisadiyyat və ordu!
Müəllif: Samir Feyruzov