Qarabağda yaşayan erməniəsilli sakinlərə müraciət olunub – TAM MƏTNbackend

Azərbaycan Ordusunun Qarabağda Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı bölgədə yaşayan erməniəsilli sakinlərə müraciət olunub.

“Yeni Gundem” xəbər verir ki, müraciət Azərbaycan, rus və erməni dillərində hazırlanıb və vərəqə formasında dərc olunub.

Müraciətdə deyilir:

“Azərbaycan Silahlı Qüvvələri Qarabağ ərazisində qanunsuz silahlı dəstələrin tərk-silah edilməsi üçün tədbirlər həyata keçirir. Məqsəd 30 ildir bu bölgənin qondarma rejim tərəfindən talan edilməsinə son qoymaq, orada yaşayan insanlara azadlıq, haqq-ədalət, barış və rifah gətirməkdir. Əmin olun ki, sizin həyatınız Azərbaycan dövləti üçün çox qiymətlidir. Buna görə də tədbirlər həyata keçirilən zaman hərbi hissələrdən, obyektlərdən, hərbi texnikadan, qanunsuz rejimin fəaliyyət göstərdiyi bütün inzibati binalardan uzaq durun. Qanunsuz hərbi xuntanın heç bir əmrinə, göstərişinə tabe olmayın. Hərbi geyim geyinməyin və üzərinizdə silah daşımayın. Bu, sizi legitim hədəfə çevirə bilər. Yaşadığınız evlərdən çölə çıxmayın, orada təhlükəsiz şəkildə qalın.

Azərbaycan əsgəri xilaskardır! Sizi hərbi xuntanın əsarətindən xilas etmək üçün gəlir!

Azərbaycan çoxmillətli ölkədir, burada 30-a yaxın etnik qrup yaşayır. Uzun illər sizə tam başqa mənzərə təlqin olunsa da, əmin olun ki, bu ölkədə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüququ qorunur, insanlar əmin-amanlıq şəraitində yaşayırlar. Siz də onlar kimi rahat, firavan həyat sürə bilərsiniz! Buna görə də içərinizdə döyüşənlər varsa, dayanın və yaxşı fikirləşin. Siz öz dövlətinizə – Azərbaycan Respublikasına qarşı silah qaldırırsınız. Bu, yanlış, sizin həyatınızı təhlükəyə atan yoldur. Əgər siz döyüş postlarındasınızsa, mümkün qədər oranı tez tərk etməlisiniz. Əyninizdəki hərbi formaları çıxarıb silahları yerə qoymalısınız. Azərbaycan əsgəri heç vaxt dinc insanlara atəş açmır.

Sizin hesabınıza Ermənistan rəhbərliyi və onun Qarabağdakı oyuncaq rejiminin başında duranlar varlanıb, harınlayıb. Onlar xarici ölkələrdə böyük sərvət sahibidirlər və gələcəklərini düşünmürlər. Buna görə də özləri gizlənib sizi qabağa verərək şəxsi ambisiyaları üçün qurban verirlər. Erməni xalqı öz daxili düşmənlərini artıq yaxşı tanıdı. Biz siyasi oyunbazlara görə düşmən olmamalıyıq, Azərbaycan əsgəri düşmən deyil, sizə heç vaxt zərər vermək istəməz. Onlar sizi cinayətkarların əlindən qurtarmağa gəliblər. Müqavimət göstərməyin, Azərbaycan dövləti sizin təhlükəsizliyinizə zəmanət verir.

Təhlükəsizliyiniz sizin üçün ən düzgün qərardır. Qanunsuz rejimin yalan vədlərinə inanmayın. Onlar 30 il sizə ancaq vədlər verdilər, özləri isə rahat kreslolarda oturub, sadə insanlara çatacaq pulları mənimsəyib firavan həyat qurdular. İndi də sizin arxanızda gizlənirlər. Bu gün onların yalanlarına inanıb silaha sarılan gənclər sizin övladlarınızdır. Onları yanlış yoldan çəkindirin, həyatlarını qoruyun.

Təhlükəsiz yaşamaq istəyirsinizsə, ətrafınızı Ermənistan ordusunun bölmələrindən təmizləyin, onların geri – Ermənistana qayıtması üçün dirəniş göstərin. Qeyri-qanuni hərbi dəstələri silahlarını yerə qoymağa, müqavimət göstərməməyə məcbur edin. Qarabağda qanunsuz silahlı dəstələrin, cinayətkarların mövcudluğuna son qoyulmalıdır. Bilirik ki, zülmün, qorxunun, qeyri-müəyyənliyin bitməsi sizin də arzunuzdur. Bu arzunun gerçəkləşməsi, sülh, rifah və birgəyaşayış üçün çalışın.