20 oktyabr Zəngilan şəhər gününün qeyd olunması gələcək nəsillərimizin daim bu qızıl hərflərlə yazılan şanlı səhifəmizin hansı çətinliklərlə yazıldığını xatırlamasına səbəb olacaq. Zəngilanlılar, həmçinin bütün xalqımız üçün bu gün bir bayramdır. Zəngilanlılar 90-cı illərdə rayon işğala məruz qalarkən son qanına kimi döyüşmüşdü. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdu. Son damla qanına qədər vuruşan həmyerlilərimiz 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışdı”.
Bunu “Yeni Gundem”-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Bu qara günləri artıq biz geridə qoymuşuq. 44 günlük Vətən müharibəsi dövründə Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi, işğal altında qalmış 132 kilometr sərhəd bərpa olundu. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı. Sərhəd bölgəsində olması Zəngilanı strateji bir yer edir. Zəngilanda sürətlə quruculuq işləri aparılır. Birinci pilot layihə nəticəsində Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bunu qeyd etməliyik ki, Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Artıq gələn ilə hətta Zəngilan şəhərinin sakinləri də köç prosesinə başlaya bilər. Sürətlə aparılan işlər bu rayonun da sakinlərinin tez bir zamanda arzularına çatmasına səbəb olacaq”.