QARABAĞSIZ AZƏRBAYCAN, XOCALISIZ QARABAĞ OLMAZDI!backend

1992-ci ildən 32 il ötür…Bu illər ərzində neçə-neçə könüllər nə qübarlar bağladı… Xocalım quldur yuvasına çevrildi. O quldurlar ki, hər çağırışında “Siz düşməni öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz, Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana qədər heç kimə yazığınız gəlməməlidir” deyə, bu kimi çıxışlar edirdilər. Amma özləri də yaxşı bilirdilər ki, bir gün bu əməllərin cəzasını çəkmək vaxtı yetişəcək. Ürəyi azadlıq sevdası ilə alışıb-yanan mübariz oğullarımız nə vaxtsa öz gücünü lazımınca göstərmək iqtidarında olacaq. Onların özlərindən biri  olan Maqsud Mehriyanın etiraf etdiyi kimi “ Azərbaycanlılar vuruşduqca cəsarət və hünərlərinə həsəd aparıram”.

2008-ci ildən Heydər Əliyev fondunun təşkilatçılığıı ilə ” Xocalıya ədalət” kampaniyası bu illər ərzində soyqırımın dünya miqyasında tanıdılması sahəsində bir çox işlər görmüşdür. Dünyanın müxtəlif yerlərində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmiş, kitablar, məqalələr dərc olunmuşdur. Təəssüf ki, cəmi 18 ölkə bütün səylərin nəticəsi olaraq bu misli görünməmiş faciəni soyqırım kimi tanımış, böyük dövlətlərin çoxu bu məsələyə biganə qalmışdır.

Azərbaycan hökuməti onilliklər ərzində çalışdı ki, bu cinayətin səbəbkarları ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti yalnız özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqlarımızın böyük bir hissəsi, beş ay bundan öncə isə qalan ərazilər düşmən tapdağından azad edilmişdir.

Ali baş Komandan və Müzəffər Ordumuzun birgə gücü nəticəsində biz haqqımız olan müqəddəs torpağımız Qarabağı geri qaytardıq. Cənab prezident İlham Əliyevin də söylədiyi kimi “Biz xilaskar missiyamızı icra etdik”.

Dünya ictimaiyyəti təkcə qələbəmizin şahidi olmadı. Onlar həm də, işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri dəhşətli dağıntıları, tarixi abidələrimizin məhv edilməsini də gördülər. Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad olunmuş bölgələrimizə səfərlərində ölkəmizdə olan xarici dövlətlərin nümayəndələri də iştirak edirdilər.

Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq hüquq normalarına uyğun şəkildə yerinə yetirilmişdir. Biz tarixi ədaləti bərpa etmişik, günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, Ali baş komandanın səsləndirdiyi kimi, “ Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, torpaqlarımızdan qovmuşuq”.

İndi dövlətimizin qarşısında duran ən böyük məsələ işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması, məcburi köçkünlərin tezliklə öz yurd-yuvalarına qayıtmasıdır.

Xocalının Azərbaycan xalqının tarixi və şüurunda o qədər böyük yeri vardır ki, biz onsuz ərazi bütövlüyümüzün tam bərpa olunduğunu hesab edə bilməzdik!

Zinaida Musayeva,

Nəsimi rayon Təhsil işçisi