21 oktyabr – Özbək Dili Günüdür. Bu anlamlı gün münasibəti ilə qardaş özbək xalqını təbrik edir, özbək dilində danışan bütün qardaş-bacılarımıza ən xoş diləklərimizi yetiririk!
Özbək xalqı ilə bizim tarixi-mədəni bağlılığımız bütün əməli fəaliyyət sahələrini əhatə edir. Biz, mütəfəkkirlərimizin vurğuladığı kimi, “ortaq keçmişdən ortaq gələcəyə” gedən bir ulu yola sahibik. Qardaş xalqlarımız gələnəklər, milli-mədəni, dini bağlar baxımından çoxsaylı ortaq cəhətlərə malikdir və bu ortaq cəhətlər günümüzdə də yaşayır, inkişaf edir, zənginləşir. Özəlliklə, ədəbi və mədəni əlaqələrimiz günbəgün inkişaf etməkdədir.
Özbəklərlə biz bir-birimizi başa düşür, fikirlərimizi çətinlik çəkmədən bölüşə bilirik. Özbək dili ilə bağlı ölkəmizdə çoxsaylı tədqiqat işləri aparılır.
Nizami Özbəkistanda, Nəvai Azərbaycanda yüzillərdir sevilir, öyrənilir; Azərbaycanlı Maqsud Şeyxzadənin adı Özbəkistanda, özbək Xalid Səid Xocayevin adı Azərbaycanda öz aydınlarımızın adı kimi doğmadır, əzizdir.
Yer üzündə ən azı 44 milyon insanın ünsiyyət vasitəsi olaraq hər gün müraciət etdiyi Özbək Dili Günü mübarək olsun!
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı