Bu günlərdə Milli Qəhrəman Çingiz Mustafayevin şəhid olduğu ərazidən kadrlar yayılıb. “Real” TV-nin rəhbəri Mirşahin Ağayev Əsgəran rayonu Naxçıvanik kəndində olub, Çingizin həlak olduğu təxmin edilən ərazidən süjet hazırlayıb.
Bu kadrlar xüsusi maraqla qarşılanıb. Bəzi təkliflər var ki, mərhum reportyorun həlak olduğu ərazidə onun büstü ucaldılsın.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Qəhrəman Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev həmin ərazilərə getmək üçün dövlətə müraciət etdiklərini bildirib:
“Bilirsiniz ki, həmin ərazilər açıq səyahət üçün hələ ki, bağlıdır. Biz də Naxçıvanik kəndi işğaldan azad olunan kimi, oraya getmək üçün müvafiq orqanlara müraciət etmişik və cavab gözləyirik. Qaldı həmin ərazidə Çingiz Mustafayevə abidə ucaldılmasına, Milli Qəhrəmanlara ailəsi yox, dövlət abidə ucaldır. Əgər dövlət lazım biləcəksə, biz ailə kimi məmnuniyyətlə açılışda iştirak edərik. Amma bundan əvvəl biz həmin ərazini sadəcə, ziyarət etmək istəyirik”.