Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Bir qədər əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılması, iki ölkə arasında diplomatik əlaqələrin yenidən bərpa edilməsi barədə söhbətlər baş qaldıranda, hətta bu məsələ ilə əlaqədar protokollar imzalananda qardaş Türkiyə Cümhuriyyətinin dövlət rəsmiləri qəti mövqe nümayiş etdirdilər: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, bu ölkə ilə hər hansı bir diplomatik əlaqələrdən və ya sərhədlərin açılmasından söhbət gedə bilməz”.
Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından keçir. Üstəlik, Türkiyə-Ermənistan sərhədlərinin 1993-cü ildə bağlanmasının əsas səbəbi bir daha xatırladıldı. Məlum oldu ki, həmin vaxt Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Türkiyə Ermənistanla sərhədlərini bağlayıb və bütün diplomatik əlaqələri kəsib. Hətta, ABŞ Türkiyəyə Ermənistanla sərhədləri açmaqla əlaqədar təzyiqlər göstərsə də, bunun heç bir nəticəsi olmadı. Məlumat üçün qeyd etmək laızmdır ki, yaxın vaxtlarda ABŞ Konqresi Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı”nın tanınması barədə qərar qəbul olunsa da, bu, Türkiyəni öz mövqeyindən döndərə bilmədi və Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağırdı. Bundan sonra iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunması barədə düşünməyin mümkünlüyü bildirildi. Hətta həmin vaxt, ABŞ-ın Türkiyəyə təzyiqlər göstərdiyi bir zamanda bəzi araqarışdıran qüvvələrin Türkiyə-Azərbaycan əlaqələrini zəiflətmək cəhdləri də bir fayda vermədi. Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bir daha öz təsdiqini tapdı. Hər iki xalqın nümayəndələri müdrik siyasi xadim Heydər Əliyevin bu sözlərinə sadiqlik nümayiş etdirdilər. Bütün dünyaya bir daha məlum oldu ki, bu tarixi ifadə sadəcə olaraq sözdən ibarət deyildir. Bu tarixi kəlam iki dost və qardaş ölkənin yolunu daha da işıqlandırıb, bütün sahələr üzrə inkişafı yeni mərhələyə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyə daim Azərbaycanın mövqeyini dəstəkləyib və bu gün də tutduğu yola sadiqdir.
Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə qəti fikirini bildirərək demişdir ki, Türkiyə – Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız biri-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.
Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.
Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir və bunun əsas məqsədi post müharibə dövründə nəzarəti həyata keçirmək, münaqişə zonasında hər hansı qarşıdurma olmaması üçün pilotsuz uçuş aparatları vasitəsi ilə monitorinq aparmaqdır. Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmlidir, belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək qarşısı alınması üçün operativ şəkildə tədbirlər görüləcəkdir. Həmin mərkəzdə Türkiyyənin olması bizim üçün çox önəmli bir haldır.
Son illərdə artan terror hadisələri, Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən yerli texnologiya məhsulu olan silah və avadanlıqların həyati bir əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Vətən Müharibəsi zamanı da bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanmış, Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilmişdir. Bu, hərbi gücümüzü daha da gücləndirəcəkdir. Hazırda, işğalda azad edilmiş torpaqlarımızda mina təmizləmə işini xeyli asanlaşdıran müasir texnikalar Türkiyədən alınaraq ölkəmizə gətirilmişdir.
Ümumiliyyətlə qeyd etmək lazımdır ki, Ermənistanın apardığı məkirli siyasət Azərbaycan Respublikasının güclü ordu, iqtisadiyyat və Türkiyə Respublikası kimi qardaş ölkəyə sahib olduğu halda sadəcə özlərinə suiqəsddir.
Rafiq Süleymanlı Namiq oğlu
Azərbaycan Dövlət Pedaqoji Universiteti