Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması tarixə Türk Dünyasının Zəfəri kimi yazılacaq – Məlahət İbrahimqızıbackend

1990-cı ildən erməni işğalında olan Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması tarixə Türk Dünyasının Zəfəri kimi yazılacaq .

44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin tükənməz sevinci bitməmiş Xankəndi əməliyyatı ilə ərazi bütövlüyümüz və suverenliyimiz əbədi olaraq bərpa olundu. Ötən dövr ərzində elə bir gün olmayıb ki, xalqımız diplomatik uğurun şahidi olmasın və bugün hər bir azərbaycanlı şərəfli bir xalqın mənsubu olmaqdan qürur hissi keçirir. Elə bir hiss ki, üç yüz illik erməni zülmünün yarasına məlhəm kimi müsbət təsiri olubdur. Bu mənada Azərbaycan xalqı öz tarixinin çox şərəfli və ləyaqətli mərhələsini yaşayır. Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və onun müdrik diplomatiyası Azərbaycan tarixinin şərəfli səhifələrinin qızıl hərflərlə yazılmış salnaməsinin müəllifləridir. Buna görə də, Ona borcluyuq. Bugün keçirdiyimiz Zəfər və Ləyaqət duyğularının yeganə müəllifi də Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevdir.
Bildiyimiz kimi, bugünlərdə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyalarının 8-ci iclasında tarixi qərar qəbul edilib. Sözün həqiqi mənasında bir güllə belə atılmadan Ermənistan tərəfinin 1990-cı illərin əvvəllərindən işğal altında saxladığı Qazax rayonunun 4 anklav olmayan kəndinin Azərbaycana qaytarılmasına razılıq verməsi mühüm tarixi hadisədir. Belə ki, nəzərə alsaq ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun və dəmir yumruğa çevrilmiş xalqımızın qazandığı tarixi Zəfər ərazi bütövlüyümüzün və eləcə də suverenliyimizin bərpasını təmin etdi. 2023-cü ilin sentyabr ayında bir gündən də az olan lokal antiterror əməliyyatları ilə Qarabağda separatizmin kökü kəsildi. Erməni revanşistləri ağ bayraq qaldırdılar və bu cinayətkar rejimin “liderləri” ən qısa zamanda özlərinin qondarma qurumunu buraxmalarını elan etdilər və bununla bərabər Qarabağda yaşayan ermənilər könüllü şəkildə bu əraziləri tərk etdilər. Həmin vaxtdan etibarən Azərbaycanın suverenliyi də tam və qəti şəkildə təmin edilmiş oldu. Bunun ardınca, yenə də, Prezident İlham Əliyevin müdrik siyasəti və mahir diplomat olaraq atdığı addımlar sayəsində Rusiya sülhməramlı qüvvələri vaxtından erkən Qarabağ iqtisadi rayonundan çıxarılmağa başlanılıb. Bütün bunların hər biri tarixi hadisələrdir, Azərbaycan tarixinə qızıl hərflərlə yazıla biləcək proseslərdir. Bu mənada Ermənistan tərəfi İlham Əliyev diplomatiyasının prinsipiallığı, əzmkarlığı və məğlubedilməzliyi qarşısında Azərbaycan torpaqlarının işğal altındakı 8 kəndindən 4-nün geri qaytarılmasına razılıq vermək məcburiyyətində qaldı.
Bu tarixi hadisə həm də beynəlxalq aləmdəki anti-Azərbaycan dairələrin siyasətinin iflasa uğramasına səbəb olacaqdır. Həm də öz içərimizdən, o sapı özümüzdən olan baltaların, milli dönüklərin indiyədək verdiyi bütün proqnozları biabırçılıqla alt-üst etdi. Xüsusilə, Fransanın timsalında biz onu görürdük ki, Ermənistanı silahlandırılır. Ermənistan Azərbaycana qarşı revanşizmə çağırılır. Ermənistan siyasi lideri ilə 5 aprel Brüssel görüşündə ona vədlər vermişdilər, həmçinin hərbi dəstək vəd etmişdilər. Amma Ermənistanın baş naziri fərqindədir ki, Azərbaycan son dərəcə güclüdür. Azərbaycan dövləti ilə hərbi rəqabətə girmək siyasi dəlilikdir. Ona görə də vəziyyəti düzgün qiymətləndirərək bu addımı atıblar. Əminik ki, tezliklə dövlətimizin gücü ilə Qazaxın işğal altında olan digər 3 kəndinin və Naxçıvanın Kərki kəndinin də geri qaytarılmasına və Zəngəzur dəhlizinin açılmasına nail olunacaqdır. Azərbaycanın heç kimin torpaqlarında gözü yoxdur, biz öz torpaqlarımızı geri istəmişik. Fürsətdən istifadə edərək belə bir obyektiv qərarın qəbulunu rəsmi İrəvanın ilk konstruktiv qərarı adlandırmaq olar. Sözsüz ki, bu və bu cür yanaşma və qərar həm də iki ölkə arasında bağlanacaq sülh müqaviləsinin sürətlənməsinə təsir edə bilər. Əslində Ermənistanın başqa variantı yoxdur. Azərbaycan haqq etdiyi ərazilərindən heç vaxt vaz keçməyəcək. Azərbaycan bir qarış belə heç kəsə güzəşt etməyəcək və buna imkan verməz. Möhtərəm Prezidentimiz İlham Əliyev bu reallığı öz qətiyyətli və prinsipial addımları ilə dəfələrlə təsdiqləyib, beynəlxalq aləm də bundan məlumatlıdır.
Əminik ki, necə ki Azərbaycan xalqı bugün qürur duyur, eləcə də gələcəkdə Müzəffər Prezidenti ilə fəxr edəcəkdir.
Qədirbilən Xalqımız öz Müzəffər Lideri ətrafında sarsılmaz dəmir yumruq kimi birlik və həmrəylik nümayiş etdirir və belə də davam edəcəkdir. Prezident İlham Əliyevə Bu ilin Fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı da məhz təsadüfən səs verməmişdi. Bu, həm də Prezident İlham Əliyevin misilsiz fəaliyyətinə xalqımızın bir daha yekdil etimadıdır. Son olaraq qeyd etmək istərdim ki, dünya şöhrətli siyasətçi Bzejinskinin yazmış olduğu Qafqazın möhtəşəm Şahmat taxtasının dahi qrossmeystrinin məhz İlham Əliyev olduğu dünya erməniliyinə bir daha sübut olundu.

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı