Qəbələdə yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində 55 nəfər zəhərlənib, Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
***
11:31
15.08.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə TƏBİB-dən bildirilib.
51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.
***
10:34
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.
Bu barədə Agentlikdən nməlumat verilib.
Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edək ki, Qəbələdə xeyli sayda toy iştirakçısının zəhərləndiyi bildirilir.