Orta Şərq və Cənubi Asiyaya xas ənənəvi bir tütünçəkmə vasitəsi olan qəlyanın istifadəsi hazırda dəb halını alıb. Son dövrlərdə hər tinbaşı qəlyan təklif edən obyektlərə rast gəlirik.
News24.az son dövrlər istənilən yaş qrupu arasında həm kişi, həm də qadınların istifadə etdiyi qəlyanın insan orqanizminə zərərləri ilə bağlı
araşdırma aparıb, bu mövzu ətrafında mütəxəssislər danışdırıb. Məlum olub ki, gənclərin siqaret qədər müraciət etdikləri ikinci vərdiş sulu qəlyandır. Bir çox gənc isə bunun ziyansız olduğunu düşünür.
Qəlyan siqaretdən zərərsiz görünsə də, əslində 1 qəlyan 50 siqaretə bərabərdir. Alma, banan, nanə kimi konservantlarla “zənginləşdirilən” qəlyanlar xüsusən siqaret çəkməyənlərin hobbisinə çevrilib.
“Qəlyan çox təhlükəlidir”
Otorinolarinqoloq, uzman doktor Elnur Əkbərovun fikrincə, qəlyançəkmə – tütünçəkmənin bir növüdür: “Tütünçəkmə, zərərli vərdiş olmaqla bərabər, müasir təbabətdə xəstəlik olaraq qəbul edilməkdədir. Klassik siqaretçəkmə ilə müqayisədə, qəlyanda filtr rolunu su sütunu oynayır. Nə qədər böyük olmasından asılı olmayaraq bu filtr qatran və bu kimi digər zərərli, kanserogen maddələrin qarşısını, demək olar, ala bilmir. İstənilən halda tütünçəkmə orqanizmə böyük zərər verir və qəlyançəkmə bunların arasında ən təhlükəlilərindən biridir. Birmənalı olaraq heç bir faydası yoxdur.
Ümumiyyətlə, tütünçəkməyə qoyulan məhdudiyyət eyni ilə qəlyançəkmə üçün də tətbiq edilməlidir. Bu anlamda, uşaq yaş qrupu, hamilə qadınlar, ürək-qan damar sistemi və tənəffüs sistemi xəstələri xüsusi risk qrupuna daxildir. Tütünçəkmə sidik-ifrazat sistemində də törəmələrə təkan verən amillər sırasındadır. Təəssüflə bildirməliyəm ki, paytaxtımızda, açıq məkanlarda olsa belə, tütünçəkməyə yaş qrupundan və sağlamlıq durumundan asılı olmayaraq rast gəlirik”.
Otorinolarinqoloq qəlyançəkmənin bütün tütünçəkmə hallarına xas olan hər bir fəsad xarakterizə olunduğunu deyib: “Belə ki, tənəffüs yollarının kəskin və xroniki xəstəlikləri, ürək və qan-damar sisteminin xəstəliklərinin təməlində duran damar daralmaları, sidik-cinsiyyət sisteminin bədxassəli törəmələri, bəzi bağırsaq xəstəliklərinin təkanverici amili məhz tütünçəkmədir. Yarana biləcək bu kimi problemləri önləmək üçün tütünçəkmə əleyhinə təbliğatın aparılması, sağlam həyat tərzinin təbliği yönündə geniş kütlə arasında tədbirlərin keçirilməsi, sosial videoçarxların yaradılması, məktəblilərlə görüşlərin təşkili mütləqdir”.
“Meyvə konservantları qatılmış qəlyanlar daha zərərlidir”
Narkoloq Günay Əliyeva açıqlamasında bildirib ki, qəlyanın heç bir xeyirli tərəfi yoxdur: “Bəzən reklam üçün siqaretin zərərindən danışıb, qəlyanı tərifləyirlər. Demək olar hər iki məhsul eyni tərkiblidir. Qəlyan isə siqaretdən daha zərərlidir. Biz qəlyandan asılı olan şəxslərə məsləhət görürük ki, ümumiyyətlə istifadə etməsinlər. Lakin istifadəni dayandıra bilməyən pasiyentlərə sadə qəlyanı tövsiyə edirik. Çünki meyvə konservantları qatılmış qəlyanlar daha zərərlidir. Bu konservantlar qəlyanın nəmliyini daha da artırır. Nəmlik artdıqca isə zərər daha çox olur. Bilirik ki, qəlyanların hər birinin tərkibində maye olur. Həmin mayelərdən keçərkən qəlyanın tərkibində olan maddələr daha da qatılaşır. Düzdür, qəlyan başlıqlarını və mayesini dəyişirlər. Amma dəyişilməsinə baxmayaraq tüstü qəlyanın borusu ilə irəliləyir. Borular isə dəyişdirilmir. Bir gün ərzində 15 nəfər bir qəlyandan istifadə edirsə, hər dəfə həmin şəxsin tənəffüs yollarında olan müxtəlif mikroblar həmin borularda ilişib qalır və növbəti sağlam adam həmin xəstə adamın istifadə etdiyi qəlyandan tüstü çəkdikdə bir çox yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxarır. Bu, qəlyanın ən zərərli tərəfidir”.
“Sonsuzluq yaradır…”
Həkim qəlyandan mütəmadi istifadə edən insanlarda sonsuzluq yaranması riskinin artdığını qeyd edib: “Qəlyana vərdiş etmiş kişilərdə sperma keyfiyyətinin aşağı enməsi, qadınlarda isə yumurtalıqların funksiyasının pozulması baş verir. Qəlyan, həm qadın, həm də kişilərdə damar xəstəlikləri, yaddaş pozğunluğu yarada bilir. Bir dəfə qəlyanın istifadəsi 50 siqaretə bərabərdir. Karbon monoksid qəlyanın tərkibində 20-30 dəfə siqaret tərkibindən daha çoxdur. Bu, asılı şəxslərdə tez-tez huşun itirilməsinə səbəb ola bilir. Ən çox isə vərəmin yayılmasına xidmət edir. Yuxarı tənəffüs yollarının və ağciyərin xərçəng xəstəliyi yaranması qəlyan istifadəçilərində risk amillərini artırır”. Günay Əliyeva son dövrlərdə qəlyandan istifadə yaşının kiçildiyini vurğulayıb: “Artıq 12-13 yaşlı uşaqlar belə qəlyandan istifadə edirlər. 19-24 yaş arası şəxslər arasında isə qəlyançəkmə dəb halını alıb. Azyaşlılar və yaşlı insanlara qəlyan istifadəsi daha çox ziyandır. Hamilə qadınlara da istifadəsi məsləhət deyil. Bəzən olur ki, qəlyanların içinə sintetik qrupdan olan narkotik maddələr qatılır. Bu halda zərər daha da artır, asılılıq daha çox yaranır. Qəlyanın asılılığından müalicəyə gəldikdə isə, bu tütündən asılılıqla eyni müalicədir. Əsas burada medikamentoz terapiya ilə psixoloji terapiya aparmaq lazımdır. Nikotindən asılı pasiyentlərin müalicəyə müraciəti isə yox səviyyəsindədir. Siqaret və qəlyanlar o qədər əlçatandır ki, xəstələr müalicə üçün müraciət etmirlər”.
“Ayda 200 manata yaxın qəlyan çəkməyə pul xərcləyirəm”
Qəlyan həvəskarı olan xanım müğənnimiz bir ayda təxminən 15 dəfə qəlyan istifadə etdiyini bildirib: “Darıxanda, əsəbi olanda, nədənsə sıxılanda qəlyan çəkirəm. Bir ayda təxminən 15 dəfə qəlyana müraciət edirəm. Özümdən asılı olmayaraq elə bilirəm ki, onu çəkən zaman rahatlaşıram. Ayda 200 manata yaxın qəlyan çəkməyə pul xərcləyirəm. Mütəmadi olaraq rəfiqələrimlə görüşürəm. Onlarla hər görüşümüzdə qəlyandan istifadə edirik. Sadəcə alman hesabı olduğu üçün maddi olaraq ağırlığını çox hiss etmirəm. İndiyədək qəlyanla bağlı səhhətimdə hər hansı bir problem baş verməyib, həkimə də müraciət etməmişəm. Deyilənə görə, bir dəfə qəlyan çəkmək bir qutu siqaret çəkməyə bərabərdir. Bu fikir nə dərəcədə düzdür, deyə bilmərəm. Amma onu bilirəm ki, qəlyanın faydadan çox ziyanı var”.