Qənirə Paşayeva Vətən Müharibəsinin qazisi, Baş leytenant Malik Əliyevlə görüşübbackend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ARB-nin əməkdaşı, Vətən Müharibəsinin qazisi, Baş leytenant Malik Əlikram oğlu Əliyevlə görüşüb.

Q.Paşayeva qazi jurnalisti ölkəmizin tarixi qələbəsi münasibətilə təbrik edib: “Sizi işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə ürəkdən təbrik edir, Milli Məclisin Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan ən xoş diləklərimi yetirirəm!
30 il müddətində işğalçılara qarşı döyüşlərdə və erməni terroru nəticəsində həlak olmuş jurnalistlərimizin ruhunu ehtiramla yad edir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.
Sizi, Sizin timsalınızda çiyin-çiyinə vuruşduğunuz hərbçilərimizi, telekanalınızın əməkdaşlarını bir daha tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm!
Siz bu ilin sentyabr ayında, qismən səfərbərliklə bağlı Prezident Sərəncamına əsasən Ordu sıralarına çağırılmısız. Füzuli rayonunda düşmənlə döyüşə tağım komandiri vəzifəsində qatılmısız. 15 oktyabrda Füzulinin Qaraxanbəyli kəndində yaralanmısız; həkimlərimizin sayəsində artıq öz sağlamlığınıza qovuşmaqdasız.
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinizə görə cənab Prezident Sizi 25 dekabr 2020-ci il tarixli Sərəncamla “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edib.
Sizin xilaskarlıq missiyanız tapdaq altında qalmış digər şəhər və rayonlarımızda dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açıb.
Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk. Sizi bir daha tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm!
Q.Paşayeva M.Əliyevə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saat təqdim edib.
M.Əliyev səmimi qəbul üçün Komitə sədrinə təşəkkürünü bildirib.