Qənirə Paşayevanın işıqlı xatirəsinə həsr olunmuş “Sənət unutmur” adlı sərgi keçirildi – FOTObackend

Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi “Sənət unutmur” adlı sərginin təqdimat mərasimini keçirib.

”Yeni Gundem” xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin və “Gözəl yaşam” Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə gənc və istedadlı rəssam Minarə Mehdinin “Strinq-art” üslubunda yaratdığı əsərlər nümayiş olunub.

İctimai Birliyin sədri Arzu Bağırova ölkədə qeyri-hökumət təşkilatları üçün yaradılan şəraiti yüksək qiymətləndirib, rəhbərlik etdiyi qurumun vətəndaşı cəmiyyətinin güclənməsi sahəsində atdığı addımlardan, müxtəlif bölgələrdə gördüyü işlərdən danışıb. Mərhum millət vəkili Qənirə Paşayevanın təşkilata göstərdiyi mənəvi dəstəyi xatırladaraq bildirib ki, dostları, həmfikirləri Qənirə xanımın yarımçıq qalmış ideyalarını, işlərini həyata keçirməyə çalışacaqlar.

Tədbirdə Milli Məclisin üzvləri Arzu Nağıyev, Anar İsgəndərov, İlham Məmmədov, Tamam Cəfərova, Jalə Əliyeva, Pərvin Kərimzadə, Ceyhun Məmmədov, Vüqar İsgəndərov, Məşhur Məmmədov və başqaları Qənirə Paşayevanın qısa, lakin mənalı ömür yolundan, ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb, xatirələrini bölüşüblər. Xalq artisti Simarə İmanovanın ifası zamanı zalda duyğulu anlar yaşanıb.

Gənc rəssam Minarə Mehdi çıxışında bildirib ki, “Sənət unutmur” sərgisində nümayiş etdirilən əsərlərin əksəriyyəti Qənirə xanımın ideyası əsasında yaranıb və Şuşada doğulan məşhur insanların portretləri işlənib. Rəssam təqdimatın təşkilatçılarına və qonaqlara minnətdarlıq edib.

Sonda Arzu Bağırova qeyd edib ki, sərgidən sonra alınan əsərlər Qarabağdakı muzeylərə hədiyyə olunacaq.

ESERLERİ.jpeg (154 KB)

ESERLERİM.jpeg (125 KB)

CİXİS.jpeg (77 KB)