Qərb dövlətləri uzun illər ərzində dünyanın müxtəlif bölgələrində ölkələrin daxili işlərinə müdaxilə yolu ilə öz maraqlarını təmin etmək üçün fərqli adlar altında çoxsaylı təşkilatlar yaradıblar. Onlar bunu “yumşaq güc” mexanizmləri hesab edirlər, hərçənd bunlar heç də “yumşaq” yox, kifayət qədər sərt siyasi alətlərdir. USAID, NED, “Soros Fondu”, “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Transparency International” kimi təşkilatlar məhz belə alətlərdəndir və uzun illərdir ki, onların “fəaliyyəti” Azərbaycan cəmiyyətinə də yaxşı tanışdır. Qərb bu təşkilatlar vasitəsilə müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda bəzi şəxsləri, siyasi partiyaları, vətəndaş cəmiyyəti qurumlarını, medianı humanitar, sosial, ekoloji, demokratik inkişaf proqramları adı altında maliyyələşdirərək, əslində, öz maraqlarına xidmət edən casus şəbəkələrinə çevirib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, uzun illərin təcrübəsi göstərir ki, başda USAID olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları daimi əsasda ölkəmizdə gedən siyasi proseslərə pozucu müdaxilələr etməyə cəhdlər göstəriblər və imkan yarandıqca bunu təkrarlayıblar.
“Humanitar yardım adı ilə girdikləri ölkələrdə onlar manipulyativ mühit formalaşdırmaqla cəmiyyətləri olduqca təhlükəli və məkrli hədəflərə istiqamətləndirib və ayrı-ayrı ölkələrin dövlətçiliyini zəiflətməyə, hətta dövlət çevrilişləri həyata keçirməyə və bu yolla həmin ölkələrdə, yaxud bölgədə öz maraqlarını təmin etməyə çalışıblar”, – deyə deputat vurğulayıb.
O əlavə edib ki, USAID dünyanın yüzdən çox ölkəsində guya iqtisadiyyatın, səhiyyənin, təhsilin, demokratiyanın inkişafı, münaqişələrin qarşısının alınması kimi proseslərdə humanitar yardımın göstərilməsi ilə məşğul olduğunu bildirir. Hər il ABŞ federal büdcəsinin təxminən 1 faizi bu təşkilatın proqramlarının maliyyələşdirilməsinə ayrılsa da, əslində, USAID işlədiyi bütün ölkələrdə elan etdiyi məramdan kənar fəaliyyətlərlə məşğul olub və siyasi proseslərə pozucu təsir göstərməyə çalışıb.
C.Feyziyev bildirib ki, USAID açıq-aşkar Ermənistana havadarlıq edərək Azərbaycana qarşı separatizmi və revanşizmi təşviq etməkdə və maliyyələşdirməkdə birbaşa iştirak edib. Bizim illər ərzində dediklərimizi indi ABŞ-ın yeni Prezidenti Donald Tramp və onun komandası da təsdiqləyir. Dövlət idarəçiliyinin səmərəliliyinə cavabdeh olan ABŞ hökumətinin üzvü İlon Mask USAID-i cinayətkar təşkilat adlandırıb.
Deputat hesab edir ki, bu kimi təşkilatların fəaliyyətinə xitam verilməsi qanunauyğundur və zəruridir. Bunu təkcə biz yox, həm də vaxtilə bu təşkilatı yaratmış ABŞ-ın rəhbərliyi deyir.
Bakıda fəaliyyət göstərən “Rus evi”nin fəaliyyətinin dayandırılmasına da toxunan C.Feyziyev bir neçə il öncə Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunmasını xatırladaraq deyib: “Söz verilsə də, həmin təşkilatın Rusiya Federasiyası tərəfindən yenidən qeydiyyata alınması bu günə qədər həyata keçirilməyib. Strateji tərəfdaşlıq fəaliyyəti birtərəfli yox, qarşılıqlı olmalıdır”.