BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏT ETDİ.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının “Qaçqınlıq və Qadınlar” mövzusunda təşkil etdiyi və 12 ölkədən, 50-yə yaxın qadın fəalın qatıldığı Beynəlxalq Onlayn Konfransında qəbul edilmişdir)
1 mart 2025
Biz, dünya ictimaiyyətinin təntənə ilə qeyd etdiyi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Qərbi Azərbaycan İcması Qadınlar Şurası tərəfindən 1 mart 2025-ci il tarixində təşkil olunmuş “Qaçqınlıq və Qadınlar” mövzusunda Beynəlxalq Onlayn Konfransın iştirakçıları olaraq, beynəlxalq ictimaiyyətə bu müraciəti qəbul edirik. Biz beynəlxalq diqqəti azərbaycanlıların, xüsusilə də qadınlar və uşaqların, Ermənistanın ərazisindəki əzəli yurdlarından zorla qovulmasının yaratdığı ağır iztirablara yönəltməyi hədəfləyirik. Bu müraciətlə biz haqq-ədalətin və sülh yolu ilə qayıdış hüququmuzun təmin olunması, mədəni irsimizin qorunmasına dair və qadınların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1325 saylı qətnaməsinə və beynəlxalq hüququn ümumi norma və prinsiplərinə uyğun olaraq öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı və reinteqrasiyasına dəstək verilməsi üçün tələblərimizi ifadə edirik.
Ermənistan ərazisində bir zamanlar əksəriyyət təşkil etmiş və ən sonuncusu 1987-1991-ci illərdə olmaqla, sistematik və tam şəkildə zorakı etnik təmizləmənin bir neçə dalğası ilə öz yurdlarından zorla çıxarılmış Qərbi azərbaycanlılara qarşı tarixi ədalətsizliyi qətiyyətlə pisləyərək;
Evlərini, dolanışıq vasitələrini və icma bağlarını itirmiş, bunun nəticəsində dərin travma və ailə-mədəni davamlılığın pozulması ilə üzləşmiş qadın və uşaqların dərin iztirablarını qeyd edərək;
Ermənistanın Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsinə vurduğu zərbələri, xüsusilə də 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş və Qərbi Azərbaycanda əsasən qadınlar tərəfindən geniş tətbiq olunan xalçaçılıq sənətinə vurduğu zərəri böyük narahatlıqla qeyd edərək;
Bu irsə vurulan zərbənin yalnız mədəni faciə deyil, həm də qaçqın düşmüş azərbaycanlıların öz kimlik və irslərinə olan hüquqlarının pozulması olduğunu təsdiqləyərək;
BMT Təhlükəsizlik Şurasının münaqişələrin qadınlara mənfi təsirinin aradan qaldırılmasını və qadınların qayıdış və reinteqrasiya proseslərində rol verilməsini nəzərdə tutuan 1325 saylı qətnaməsini xatırladaraq;
Ədalətin və sülhün bərqərar olması, qadınlara qarşı zorakılığın aradan qaldırılması, onların sosial-iqtisadi inkişafda rolunun artırılmasına xidmət edən müvafiq Dayanıqlı İnkişaf Məqsədlərinə istinad edərək
Biz beynəlxalq ictimaiyyətə müraciət edirik ki:
- Ermənistan tərəfindən qovulmuş azərbaycanlıların məsələsini prioritet vəzifə kimi tanısın və onların beynəlxalq insan hüquqları konvensiyalarında təsbit edilmiş müddəalara uyğun olaraq təhlükəsiz və ləyaqətli şəkildə öz əzəli yurdlarına qayıtmasını dəstəkləsin;
- BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun olaraq, qaçqın düşmüş azərbaycanlı qadınların qayıdış və reinteqrasiya proseslərini dəstəkləmək üçün tədbirlər görsün, qayıtdıqdan sonra onların sosial və iqtisadi imkanlara çıxışını təmin etsin;
- Qeyri-maddi mədəni irsimizin, xüsusilə də xalçaçılıq sənətinin qorunması və dirçəldilməsi üçün proqramlar həyata keçirsin, qayıtdıqdan sonra bu sahədə qaçqın qadınlara alətlər, təlimlər və məkanlar təmin edərək onların bu ənənəni davam etdirməsinə şərait yaratsın və mədəni kimliyimizin gələcək nəsillərə ötürülməsinə dəstək versin;
- Qaçqınlığın yaratdığı nəticələrin aradan qaldırılması və azərbaycanlılar üçün ədalətin bərpası üçün diplomatik müdafiə, humanitar yardım və texniki əməkdaşlıq vasitəsilə ciddi səylər göstərsin, qadın və uşaqların ehtiyaclarını prioritet kimi nəzərə alsın.
Biz, Azərbaycan Hökumətinin Ermənistan tərəfindən qovulmuş keçmiş məcburi köçkünlərin vəziyyətinin yüngülləşdirilməsi istiqamətində atdığı addımları qətiyyətlə dəstəkləyir, onlar üçün həyata keçirilən Böyük Qayıdış Proqramını və Ermənistanın otuz illik işğalından azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yüksək qiymətləndiririk;
Biz, Azərbaycan Hökumətinin beynəlxalq humanitar yardımla bağlı aktiv fəaliyyətini alqışlayır və bu fəaliyyətin qadınlar və uşaqların çəkdiyi çətinliklərin azaldılmasında mühüm rol oynadığını vurğulayırıq;
Biz, Qərbi Azərbaycan İcması Qadınlar Şurası olaraq, icmamızın hüquqlarını müdafiə etmək, qaçqın vəziyyətinə düşmüş Qərbi Azərbaycan qadınlarının və uşaqlarının səslərini qlobal səviyyədə eşitdirmək və icmamızın doğma torpaqlarına qayıdıb yenidən çiçəklənməsi üçün mübarizə aparmağa davam edəcəyimizi bildiririk;
Biz, həmrəylik və dəstək gözləntisi ilə bu müraciəti hökumətlərə, beynəlxalq təşkilatlara və vətəndaş cəmiyyətinə geniş şəkildə yayılmağı qərara alırıq.
Biz bu müraciəti 1 mart 2025-ci ildə Qərbi Azərbaycan İcması Qadınlar Şurası tərəfindən təşkil olunmuş “Qaçqınlıq və Qadınlar” adlı Beynəlxalq Onlayn Konfransda yekdilliklə qəbul edərək, ədalət, ləyaqət və sülh uğrunda həmrəyliyimizi ifadə edirik.
Qərbi Azərbaycan İcması Qadınlar Şurası