Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimi keçirilibbackend

Qərbi Azərbaycan İcmasının təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərpoçt” MMC-nin dəstəyi ilə Qərbi Azərbaycanın tarixini əks etdirən silsilə markalar buraxılıb.

“Yeni Gundem” xəbər verir ki, buraxılan markaların mövzuları təşkilatçılar tərəfindən xüsusi incəliklə seçilib. Belə ki, 7 blokdan ibarət markalarda xüsusilə hər bir mövzunun Qərbi Azərbaycanın həm siyasi tarixi, həm memarlığı, həm də mədəniyyətini əks etdirməsinə önəm verilib.

Müvafiq olaraq markalarda İrəvan xanlığının sonuncu xanı Hüseynqulu Xan Sərdarın portreti, Fəth-Əli Şah Qacar dövründə zərb edilmiş sikkə, Sərdar sarayı, Sərdar məscidi, Göy məscid, o cümlədən İrəvan aşıq məktəbinin nümayəndələri sayılan Aşıq Alı və Aşıq Ələsgərin portretləri təsvir olunub.

Bundan başqa, bloklardan biri rus rəssamı Frans Alekseyeviç Rubo tərəfindən 1886-cı ildə çəkilmiş “İrəvan qalasının işğalı” və fransız rəssamı Fredrik Dübua de Monperi tərəfindən 1833-cü ildə çəkilmiş “İrəvanda Göy məscid” adlı rəsm əsərlərinə həsr olunub. Bununla da tarixi gerçəklik qədim rəsm əsərləri vasitəsilə yeni markalarda öz əksini tapıb.

Markaların möhürlənməsi isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, “Azərpoçt” MMC-nin sədri vəzifəsini icra edən İsi Mustafayev, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli və digər nümayəndələrin birgə iştirakı ilə baş tutub.

Tədbirin bədii hissəsi İrəvan musiqilərinə həsr olunmuş proqramla davam etdirilib.