Bu gün Qərbi Azərbaycan İcmasının haqlı tələbləri beynəlxalq ictimaiyyətin və qlobal təşkilatların diqqət mərkəzindədir. Artıq aparıcı beynəlxalq təşkilatlar Qərbi Azərbaycanla bağlı əsl həqiqətlərin nədən ibarət olduğunu bilir. Eyni zamanda yaşadıqları ata-baba ocaqlarından yüz minlərlə azərbaycanlıların zorla deportasiya edilməsi reallığını hər kəs qəbul etməkdədir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Qərbi Azərbaycan İcması Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə məktubun təşkilatın rəsmi sənədi kimi yayılması mühüm önəm kəsb edir: “Levon Ter-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edir. Eyni zamanda Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırır. Bu Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən bu faktlardan biri hesab edilir”.

Millət vəkilinə görə, Qərbi Azərbaycan İcmasının BMT-nin Baş katibinə ünvanladığı məktubun BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılması tarixi hadisədir: “Bu inkarolunmaz faktlar Ermənistanın sözügedən cinayətlər üzrə məsuliyyətinin beynəlxalq hüquqi müstəvidə təsbit olunması baxımından böyük əhəmiyyət kəsb edir. Sözsüz ki, İcma bu məsələ ilə bağlı BMT ilə yanaşı dünyanın aparıcı beynəlxalq təşkilatlarına da aidiyyatı üzrə məktublar ünvanlayıb. Məqsəd sözsüz ki, Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarının beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaqdır. Qərbi Azərbaycanlıların layiqli şəkildə və təhlükəsiz şəraitdə tarixi ata-baba yurdlarına qayıtmaq hüququ tanınmalıdır. Ermənistan dövlətinə bu məsələdə beynəlxalq birlik tərəfindən lazımı formada təzyiqlər olunmalıdır”.
Məlahət İbrahimqızı bu gün bəzi Qərb təşkilatlarının insan haqqları və azadlıqları ilə bağlı qərəzli hesabatlar hazırlamasına da münasibət bildirib: “Bu xüsusda özünü insan hüquqlarının müdafiəçisi adlandıran “Human Rights Watch” təşkilatı növbəti dəfə Azərbaycanla bağlı qərəzli yanaşma sərgiləyib. Azərbaycan cəmiyyəti bu təşkilatın mahiyyəti haqqında müfəssəl bilgiyə malikdir. Çünki erməni lobbisinin istək və arzuları bu təşkilatın əsassız hesabatlarında özünü daha qabarıq göstərir. Bir dəfə də olsun “Human Rights Watch” Ermənistanla bağlı hansısa hesabat hazırlamayıb. Çünki sifarişi verən birbaşa erməni lobbisidir. Ona görə də, təşkilatın Qarabağda könüllü şəkildə çıxıb getmiş ermənilərlə bağlı hesabat hazırlayarkən, yüz minlərlə azərbaycanlının taleyinə biganə qalması heç də təsadüfi deyil. Bu baxımdan da “Human Rights Watch” təşkilatı və onun arxasında duran qüvvələr insan hüquqlarından siyasi alət kimi istifadəyə son qoymalıdır”.