Qəzadan sonra bu aviaşirkətlər Azərbaycan hava məkanından istifadə edirbackend

Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus “Boeing-737-800” tipli təyyarənin İranda qəzaya düşməsindən sonra bir çox hava yolları şirkətləri uçuş istiqamətlərini dəyişiblər.

“Yeni Gündem” xəbər verir ki, dünyanın məşhur aviaşirkətləri Tehran üzərində uçuşlardan imtina ediblər. Həmin hava yolları daha çox Bakı və Rusiya üzərindən keçən xətlərdən istifadə etməyə başlayıblar.

Bu hava şirkətlərinə Sinqapur Hava Yolları, “Qantas”, Çin Hava Yolları, Malayziya Hava Yolları, “Lufthansa”, Britaniya Hava Yolları, “Eva Air” (Tayvana məxsusdur), “Air India”, “Nordwind Airlines” aiddir.

“Air Canada” isə Yaxın Şərqə olan bütün uçuşlarda təhlükəsizliyi maksimum səviyyəyə gətirəcəyini və lazım olarsa, istiqamətləri dəyişəcəyini bildirib.

Federal Aviasiya İdarəsi də məsələ ilə bağlı açıqlama verib. Beynəlxalq qurum bildirib ki, İran, İraq və Yaxın Şərqdə olan hava xətlərində monitorinqlər aparılacaq: “Biz bütün hava şirkətlərinə məlumatlar verəcəyik. Təhlükəsizliyin təmin olunması üçün bütün araşdırmalar aparılacaq”.

Xatırladaq ki, Ukrayna Hava Yollarına məxsus “Boeing-737” tipli təyyarə yanvarın 8-i səhər saatlarında Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya düşüb. Göyərtədə 167 sərnişin və 9 ekipaj üzvü olub. Sağ qalan olmayıb. Qəza nəticəsində İran, Kanada, Ukrayna, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşları həlak olublar.