QHT rəhbəri BMT-nin Etimad Fondunun icraçı direktoru ilə görüşübbackend

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova Qadınların Statusu Komissiyasının 68-ci sessiyası çərçivəsində BMT-nin Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) icraçı direktoru xanım Abby Erikson ilə görüşüb.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, BMT Qadınlar Təşkilatının ofisində keçirilən görüşdə Fondun dəstəyi ilə icra olunan layihələrin rəhbərləri çıxış edib.

Onu da qeyd edək ki, dünya üzrə icra olunan 25 layihədən biri də Azərbaycanda “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilir.

Layihə Bakı və Gəncə şəhərlərində, Qusar, Quba və Xaçmaz rayonlarında icra olunur və əsas məqsədi əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsidir. Görüş çərçivəsində İctimai Birlik tərəfindən layihənin icrası, benefisiarları ilə bağlı ətraflı məlumat verilib.

Görüşün yekununda fondun əməkdaşlarına milli hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılıb.