Mayın 29-da Baş prokuror Kamran Əliyev rəhbər işçilərin iştirakı ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fikrət Mahmudov və Baş Prokurorluğunun Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Kamran Əhmədovu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib. Görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib. Daha sonra tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.