Bu gün İsveçrənin Nyon şəhərində keçirilən UEFA Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi zamanı maraqlı anlar yaşanıb.
“Yeni Gündəm” xəbər verir ki, UEFA-nın baş katibi Corco Marketti dünən Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Bakıda Fransa “Marsel”i ilə keçirilən görüşdə (0:3, ümumi hesab 1:6) etdiyi hərəkətə görə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun şəninə xoş sözlər söyləyib.
Markettinin 50 yaşlı mütəxəssisin jesti haqda dediyi sözləri diqqətinizə çatdırırıq:
“Biz adətən gözəl qolları və futbolçuların oyundakı texnikalı hərəkətlərini alqışlayırıq. Ancaq bu gün təqdir etmək istədiyim daha dəyərli bir şey var. “Qarabağ”ın idman adına etdiyi jest və ədalətli oyunu əllə vurulan qolu qeydə alan hakimin səhvini görməyinə səbəb oldu. Əla, cənablar! Turnirdə çıxışınız əla idi. Ədalətli oyununuz isə sizə daha böyük alqışlar qazandırdı”.
Xatırladaq ki, “Qarabağ” – “Marsel” qarşılaşmasında hesab ikincilərin xeyrinə (1:0) olarkən, Ağdam təmsilçisinin futbolçusu Vadji topu əllə qapıya göndərib. Oyunun baş hakimi əvvəlcə qolu qeydə alsa da, Qurban Qurbanovun müdaxiləsindən sonra qərarını dəyişib.