Cari ilin martın 28-də Azərbaycan Respublikasının Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar verdi. Həmin qərara əsasən artıq hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib. Həmçinin xarici ölkə vətəndaşlarının ölkəyə giriş və çıxışı zamanı COVID-19 pasportu ilə bağlı tələb ləğv edilib. Ancaq quru sərhədlərin açılması ilə bağlı heç bir qərar verilməyib.
“Yeni Gundem” xəbər verir ki, hazırda Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri də quru sərhədlərin bağlı qalmasıdır.
Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əlaqədar idi. Bununla belə, artıq karantin rejimi ilə bağlı əsas məhdudiyyətlər aradan qaldırılıb. Buna görə də, Operativ Qərargah tərəfindən, xüsusən qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq gələn aydan quru sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı qərar qəbul edilməsi məqsədəuyğun olardı.
(fotoda Millət vəkili Vüqar Bayramov)
“Əksər region ölkələrində, o cümlədən, qardaş Türkiyə və qonşu Gürcüstanda epidemioloji vəziyyət nəzarət ediləcək həddədir. Artıq Türkiyə ilə quru sərhədlər açılıb, amma yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilər”.
Millət vəkili Gürcüstan və Türkiyə ilə mərhələli şəkildə quru sərhədlərin tam açılması ilə bağlı qərarın verilməsini təklif edir.
“Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər. Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə mərhələli şəkildə daha qısa zamanda quru sərhədlərin açılması məqsədəuyğun olardı.Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədə uyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu eyni zamanda, Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını daha da aktuallaşdırıb”,-deyə o qeyd edib.
Fərahim Rəhimov