Azərbaycan Prezidentinin tutduğu qətiyyətli mövqe, xüsusən hücum siyasəti doktrinası postmünaqişə dövründə bölgədə tam yeni reallıq yaradıb.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Millət vəkili açıqlayıb ki, İrəvanın təcavüzkar cəhdləri fiaskoya uğrayıb. Ermənistanın havadarları, xüsusən Fransa və peyklərinin yaratmağa cəhd etdiyi beynəlxalq təzyiq mühitinə, Rusiya sülhməramlılarının qeyri-adekvat davranışlarına baxmayaraq Ermənistan və separatçılar Azərbaycanın həyata keçirdiyi cəza tədbirləri, aprelin 23-dən isə Xankəndi-Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin təsis olunması fonunda aciz olduqlarının fərqindədirlər.
“Belə olan halda Bakının iradəsinə uyğun formada və şərtlərlə sülhdən başqa alternativ yoxdur. Üstəlik cənab İlham Əliyevin bu konfiqurasiyanı beynəlxalq hüquqa uyğunlaşdırması, sülh şərtlərinin beynəlxalq hüququn prinsipləri ilə tam üst-üstə düşməsi prosesə hər hansı formada maneçiliyi istisna edir. Hansı subyekt bu prosesə qarşı gəlirsə, ilk növbədə beynəlxalq hüququn prinsiplərinə qarşı gəlmiş olur. Yəni faktiki olaraq sülh müqaviləsi qaçılmazdır və prosesə bu və ya digər formada qatqısı olacaq beynəlxalq subyekt əslində regionda yeni düzəndə özünün maraqlarını təmin etmək şansı qazanacaq. Vaşinqton da bu reallığın fərqindədir və yetişməkdə olan sülh prosesinin məhz özünün qarantorluğunda imzalanmasını arzu edir. Müharibədən dərhal sonra sülh gündəliyi ilə çıxış edən Azərbaycan isə özünün suveren maraqlarını rəhbər tutmaqla sülhə aparan bütün platformalara hazırdır. İndi növbə Ermənistanındır və Paşinyan iqtidarı qətiyyət göstərərək yekun sülhə doğru addım atsa, ilk növbədə dalandan qurtulmuş olacaq. Görünən odur ki, İravan bunu anlamağa başlayıb, lakin qeyri-adekvat siyasət kursuna görə Paşinyan komandasının sonrakı addımlarını proqnozlaşdırmaq çətindir. Xüsusən Fransanın pozucu təsirləri fonunda. Təbii ki, sülhə razılaşmaqla İravan özünü xilas etmiş olacaq, ermənilər anlamalıdırlar ki, Azərbaycanın təktərəfli addımları ilə İravanın daha da dalana dirənməsi üçün kifayət qədər rıçaqları mövcuddur”,- deyə deputat qeyd edib.
Fərahim Rəhimov