“Artıq Bakı beynəlxalq platforma kimi müxtəlif tədbirlərə ev sahibliyi edir. Ölkəmiz regionda sülh və təhlükəsizlik adası kimi bir çox regional və qlobal təşəbbüslərin müəllifidir. Bakı artıq beynəlxalq arenada vacib məsələlərin müzakirə edildiyi, mühüm qərarların verildiyi məkan kimi xarakterizə edilir. Bu mənada Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi dünya ictimaiyyətinin diqqətinin yenidən Azərbaycanda olması deməkdir.” Bunu YAP Təşftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan özünün sülh və dinləarası dialoq müstəvidə oynamış olduğu vacib roluna görə beynəlxalq birlik tərəfindən təqdir edilir: “Məhz bu baxımdan Prezident İlham Əliyevin Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında verdiyi mesajlar olduqca böyük önəm kəsb edir. Sözsüz ki, Bakıda keçirilən forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. Hazırda “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirilir. Cənab Prezident İlham Əliyev də forumda çıxışında dünyada yeni münaqişələrin, qeyri-sabitlik məkanların və təhdidlərin müşahidə edildiyini bildirib. Vurğulanıb ki, məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var”.
Deputat bildirib ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan kimi xarakterizə olunur: “Ölkəmizin coğrafi mövqeyi, Şərqlə Qərb arasında bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Məhz bu baxımdan da Azərbaycanda hər zaman müsbət mədəniyyətlərarası dialoq mövcud olub. Ölkəmizin başçısının da qeyd etdiyi kimi multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Cənab Prezident həmçinin forumda Azərbaycanın müstəqilliyin ilk illərində böyük çətinliklərlə üzləşdiyini, dövlətimizi parçalamaq cəhdlərinin olduğunu, işğal və separatçılıq faktlarını diqqətə çatdırıb. Azərbaycan xalqının həmrəyliyi, birliyi sayəsində bu kimi təhdidlərin aradan qaldırıldığı vurğulanıb. Sözsüz ki, bu amil ölkəmizdə milli maraqların qorunmasının hər zaman əsas vəzifə olması amilini də təsdiq edir”.
Millət vəkili hesab edir ki, Azərbaycan hər zaman mədəniyyətlərarası dialoqu güclü şəkildə təşviq edib: “Atılan bu addımlar dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir. Ölkə başçısının da qeyd etdiyi ki, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib. Ağır pandemiya dövründə belə Azərbaycan özünün təşəbbüsləri, yardımları ilə gündəmdə idi. Eyni zamanda ölkəmiz fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış edirdi. Bu gün isə ölkəmiz yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmasını təşviq edir. Cənab Prezidentin də vurğuladığı kimi XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşır”.
Forumda həmçinin Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilməsinin önəmindən bəhs olunub. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür. Vurğulandı ki, COP29-un əsas amalı həmrəylik və qarşılıqlı etimada əsaslanır. Bu kontekstdə ölkələrin qlobal təhdidlərə qarşı birgə addımlar atması daha məqbuldur”. Təftiş Komissiyasının sədri vurğulayıb ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkə kimi sülhün bərqərar olmasında maraqlıdır: “Ölkə başçısı da Forumda bəyan etdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin edib: “Ermənistanın 30 illik işğalına son qoyuldu. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq işğala son qoyulmamışdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini azad etdi. Ötən ilin sentyabr ayında isə ölkəmiz ərazi bütövlüyü, suverenliyini tam şəkildə bərpa edib. Bütün bunlara baxmayaraq Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürən tərəf oldu. Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında iki tərəf arasında hazırda sülh danışıqlar davam edir”.
Sevinc Hüseynovaya görə, Azərbaycan ərazilərinin 30 il erməni işğalında qalması 1 milyon azərbaycanlının fundamental hüquqlarının pozulması mədəni, tarixi məkanların, o cümlədən 67 məsciddən 65-nin erməni vandalları tərəfindən tamamilə məhv edilməsinə beynəlxalq birlik lazımı səviyyədə qiymət vermədi: “Cənab Prezident forumda həmçinin regionda sülh müstəvisində ciddi addımların atılmasının vacib olduğu söyləyib. Ermənistan üzərindən bəzi dövlətlərin planlar qurduğuna diqqət çəkib. Amma bütün bunlara baxmayaraq Azərbaycanın güclü və qalib ölkə kimi yenidən Cənubi Qafqazda münaqişə yaratmaq istəyən qüvvələrin qarşısında keçilməz sədd olduğu vurğulanıb. Çünki Azərbaycan Prezidentinin iradəsi Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunmasına, xalqların və dövlətlərin normal münasibətlər müstəvisində inkişafını təşviq edir”.