“Regionlarda ən böyük problem işsizlikdir”- MÜSAHİBƏbackend

Bu gün Milli Məclisin deputatı, Parlamentin iqtisadi siyasət komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev“Yeni Gundem”-ə müsahibə verib.

Rüfət Quliyevlə geniş söhbətimizi təqdim edirik.

Rüfət müəllim sağolun ki, bizimlə söhbətə vaxt ayırdınız. İşləriniz necə gedir?

Təşəkkür edirəm. Yay olmasına baxmayaraq işimiz gedir. Vətəndaşlar müraciət edirlər. Çalışırıq ki, onların problemləri həll olunsun. İlk öncə bu bizim borcumuzdur. İndi daha çox jurnalistlərlərlə görüşlər olur. Onların suallarını cavablandırırıq. Seçicilərimizlə görüşlərimiz olur. Ayın sonunda yenə də Lənkəranda seçicilərlə görüşümüz baş tutacaq. Lənkərandan əvvəl Masallıda Ukraynada sahibkar kimi fəaliyyət göstərən azərbaycanlı qardaşımızın ildönümündə iştirak edəcəyik. O, Ukrayna Silahlı Qüvvələri daxilində döyüşlərdə iştirak edib. Həlak olan qəhrəmanın qardaşı Kiyevdə ali təhsil alır. O, təhsil haqqını ödəyə bilmədiyinə görə kömək istəyir. Baxın belə məsələlər olur. Çalışırıq ki, maksimum dərəcədə köməklik göstərək.Şəhid ailələri ilə mütəmadi görüşlərimiz olur. Qazilər, müharibə veterianları ilə də həmçinin…

 Ölkəmiz öz dahi oğlunun 100 illik yubileyini qeyd edir. Şübhəsiz ki, Heydər Əliyev olmasaydı müstəqil Azərbaycanın mövcudluğu barəsində suallar da cavabsız qalardı. Bu barədə fikirlərinizi bilmək istərdik.

Mən xoşbəxt insanam ki, 3 dəfə Ulu Öndər Heydər Əliyevin qarşısında çıxış etmişəm. 1981-ci il idi. Heydər Əliyevin xüsusi proqramı var idi. Rusca “İnaqorodniq” adlanırdı. Azərbaycandan digər sovet ölkələrinə gənclərin ali təhsil almaq proqramı idi. Mən də həmin proqramla indiki Kiyev Milli Universitetinə qəbul oldum. Oranın məzunu və professoruyam. Mənim həyatımın inkişaf fundamenti elə həmin dövrlərdə qoyuldu. Siz cavanların bundan xəbəri olmaz. Söhbət 1989-1994-cü illərdən gedir. İqtisadiyyat çökmüşdü. İnflyasiya rekord faiz dərəcəsinə qalxmışdı. Hətta Azərbaycan dünyanın siyasi xəritəsindən silinmiş ölkə kimi idi. Azərbaycanı tanıyan yox idi. Ölkəni hərtərəfli problemlər bürümüşdü.  Ulu Öndərin yeri və rolu haqqında günlərlə, aylarla danışmaq olar. Nəhəng şəxsiyyət bu ölkənin banisidir. 1994-cü ildə 8 ölkə ilə “Əsrin müqaviləsi”ni imzaladıq. Bu tarixi hadisə özü bir inkişaf, inanılmaz hadisədir. O vaxt ki, Azərbaycana bu ölkələri gətirmək özü böyük qələbədir. Təbii ki, onlar Ümummilli liderin xarizmatik müraciətinə güvənib bu addımı atdılar. Cənab Prezident Ulu öndərin davamçısı olaraq, siyasətini uğurla davam etdirir. Elə gün olur ki, 15-20 azərbaycanlı ilə ünsiyyətdə oluram. Hər bir azərbaycanlı cənab prezidentin siyasi kursunu dəstəkləyir. Bizim üçün hər bir açılan səhər uğurlu günün müjdəçisidir. Hər günümüz qələbədir. Bu gün müxalifət belə cənab prezidentin siyasətini dəstəkləyir. Onlar indi bunu açıq şəkildə bildirirlər.

Rüfət müəllim filosof Smitə görə iqtisadiyyatın ən əhəmiyyətlisi Dəyər Nəzəriyyəsidir. Bu gün ölkəmizin iqtisadi müstəqilliyinin şahidi olanda dünya alimlərinin düşüncəli elmi fikirlərini araşdırmaq lüzum gəlir. Azərbaycan bunu necə bacardı?

Dünyada iqtisadi nəzəriyyədə iki yol var. Onlardan biridə Adam Smitin nəzəriyyəsidir. O, deyirdi ki, bütün problemləri bazar iqtisadiyyatına uyğun avtomatik həll edəcək. 1850-ci illərdən başlayaraq, bazar iqtisadiyyatı aparıcı ölkələrdə fəal rol oynamağa başladı. Dövlətin iqtisadiyyatda münasibətdə iki aləti var. Müdaxilə və tənzimlənmə. Həmin iqtisadi siyasət ABŞ Prezidenti T.Ruzveltə 1929-1933-cü illərdə imkan verdi ki, ölkə iqtisadiyyatını böyük depressiyadan qurtarsın. Bu gün Amerikanın inkişafının səbəbkarı Ruzvelt olub. Azərbaycan liberal iqtisadi siyasəti həyata keçirir. Dövlətin iqtisadiyyata xüsusi münasibəti olmalıdır. Ona görə ki, bazar iqtisadiyyatını sərbəst buraxmaq olmaz. Vəhşi fəsadlara səbəb ola bilər. Ən çox sosial mənada. Ölkəmizdə bazar azaddır. Kim istəyir şirkət açır, fəaliyyətə başlamağı üçün iki gün bəsdi. Lisenziyaların sayı azalıb. Ancaq mənfi hallarda var. Ən böyük bəlalardan biri də ölkələrin əksəriyyətinin maliyyə imkanları olanda, bütün əmtəələri xaricdən idxal edir. Bu gün hansı ölkələrin daxilində bazar yoxdusa problemləri də çoxdur. Azərbyacanda qida məhsulları ilə bağlı problem var. Daxili bazarı qorumaq üçün proteksionizm siyasətini həyata keçiririk. Dəfələrlə mənə sual verirlər ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına niyə qoşulmur?  Biz daxili bazarımızı qorumaq istəyirik. Qırğızıstanın sözügedən təşkilatın üzvü olmamışdan əvvəl 800 milyon ABŞ dolları xarici borcu var idi. Təşkilata üzv olandan sonra ölkənin xarici borcu 2 milyard ABŞ dollarına çatdı. Eyni problemlə Rusiya, Moldova, Gürcüstan kimi ölkərdə üzləşdi. Mən demirəm qurumun üzvü olmaq qəti şəkildə mənfidir. Xeyr. Bu belə deyil. Sadəcə prosses sürətli vüsət almamalıdır. Əgər bunu ertələsək, qeyri-neft sektorunun vəziyyəti ürəkağrıdıcı olacaq.

73 saylı Lənkəran şəhər seçki dairəsindən Azərbaycan Milli Məclisinə deputat seçilmisiniz. Seçicilərin problemləri həll olunurmu?

Vətən müharibəsindən sonra ən çox problemlər şəhid ailələri, qazilərlə bağlı olurdu. Onların problemləri həll olunurdu. İndidə prossses davam etdirilir. Hər zaman demişəm ki, hər yerdə şəhid ailəsinə, müharibə iştirakçısına hörmət edilməlidir. Bu var. Ancaq daha çox genişləndirilməsi lazımdır. Bilirsiniz, problem daim olur. Birini həll edəndən sonra, yenisi növbəyə durur. Həyatın fəlsəfəsi inkişafdır. Deyyəkki, haçansa problemlər bitəcək, bu olmayacaq. 20 il əvvəl rayonlarda hamı işıq, qazın olmamasından gileylənirdi. Bu gün idman kompleksləri, uşaq mərkəzləri və.s yeni-yeni müasir yaşayışa lazım olan hər şey yaradılır. Regionlarda ən böyük problem işsizlikdir. Bununla bağlı dəfələrlə məsələlər qaldırmışıq. Dövlət hamını işlə təmin edə bilməz. Sosializmdə yaşamırıq. Mən sizə rəqəmlər deyim. Fransada ÜDM nisbətinə baxanda 60-65%-i kiçik və orta sahibkarlıq fəaliyyətidir. İspaniyada 70%, ABŞ-da 65-70%, Avropanın əksər ölkələrində də rəqəmlər bu aralığda dəyişir. Almaniya kimi bir ölkədə işləyənlərin 99%-i kiçik, orta bizneslə məşğuldurlar. 10 il əvvələ qayıdaq. Ölkəmizdə sahibkarlara quldur kimi baxırdılar. Amma indi baxış tərzi dəyişib. Bu da sahibkarların özlərini messenant kimi aparmasıdır.

Regionlarda əkin-biçin işləri olsa, kifayət qədər mal olsa zavod, fabriklərin də regionlara axını olacaq. Kənd təsərrüfat mallarından tutmuş, orada mövcud olan hər şeyə qədər. İnsanlar kənd təsərrüfatı ilə məşğul olsalar, rahat yaşayacaqlar. Milyoner olmayacaqlar. Biraz fantastik məsələdir. Dünyanın heç bir ölkəsində bu günə kimi belə hadisə baş verməyib. Əlbəttə sahibkardan çox şey aslıdır. Uğurlu sahibkar inkişaf edir. Uğursuzu da torpağını satır nəsə başqa iş görür. Bəs o torpaq kəndliyə satmaq üçün verilmişdi? Ulu Öndərin pay torpaqları barəsində fərmanı əsnasında həmin torpaqlar kəndlilərə verildi. Mən bu kimi şeylərin şahidi olanda ürəyim ağrıyır. Yolnan gedirsən. Sağ-sol boş. Bunu niyə istifadə etmirsən? Özüdə Azərbaycan torpaqları münbitli və bərəkətlidir. Cəlilabadda tonlarla kartof əkini aparılır. Prosses sürətlənib. Məhsullarını Bakıya gətirməyə heç ehtiyac yoxdur. Yoldan keçənə satırlar. Tarixin istənilən dönəmində əziyyət çəkən adam bəhrəsini görür. Allahın da bir sözü var. “Səndən hərəkət, məndən bərəkət”.  Mən Bakıda müəllim tanıyıram. İngilis dilini mükəmməl bilir. 5-6 nəfərlik qrup toplayır. Öz dərsini keçir. Həyat tərzi məndən də yaxşıdır. Pulunu qazanır. Burda pis nə var?. Bu nümunə hər kəsə aiddir. İndi bilirsiniz necədi. Sən ağa, mən ağa, inəkləri kim sağa. Axı kimsə inəyidə sağmalıdır. Kimisi yaxşı çay dəmləməlidir. Kimisi yaxşı telefon ustası olmalıdır. Bir sözlə hər kəs öz işini görməlidir.

Rüfət müəllim sualım elə seçildiyiniz Lənkərandan olacaq. Mətbuatdan görünən odur ki, rayonda hal hazırda yol problemi var. Həm şəhərə yaxın, həm də digər kəndlərdə. Hətta sizin magistral yolla bağlı şikayət xarakterli çıxışınızda olub.

Orada yol yaxşı idi. Mən ora Stalinqrad döyüşü demişəm. Rayonun Sütəmurdov kəndinin yolları asfaltla inşa olunub. Halbuki, kəndin yollarında maşın 160-170-nən keçir. İnsanlar narahat olurdu. Ayda iki-üç dəfə ölüm hadisələri qeydə alınırdı. Fürsətdən istifadə edərək Daxili işlər naziri cənab general-polkovnik Vilayət Eyvazova təşəkkürümü bildirirəm. Mənim müraciətimdən sonra yolda bir deyil, üç radar qoyuldu. Hər şey quraşdırıldı. Getdim gördümkü, camaat çox razıdır. Həmin vaxtlar bilirdim ki, Azərbaycanda təxminən 1150 yerdə həmən radarlara ehtiyac var.

Rüfət müəllim bir neçə gün öncə Prezident İlham Əliyev Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib. Söhbət zamanı Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinə də toxunulub. Həm Rusiya-Ukrayna müharibəsi fonunda, həm də çağdaş dünyanın dövründə iki ölkə əlaqələri haqqında nə deyə bilərsiniz?

Uzaq qohumdan yaxın qonşu yaxşıdır. Rusiyanın siyasətinə təbii qiymət vermək olmaz. Biz nəhəng ölkə ilə münasibətlərimizi günü-gündən gücləndirməliyik. 2 milyon 500 minə yaxın soydaşımız Rusiyada yaşayır. Əgər Federasiya ilə dil tapmasaq, onlara münasibət necə olacaq? Biz Rusiya ilə kiminsə xətrinə görə münasibət qurmuruq. Birmənalı olaraq milli maraqları hər şeydən üstün tuturuq. İkinci Qarabağ müharibəsində Rusiya nə etdi? Heç nə. Neytrallığını qoruyub saxladı. Ermənistan neynədi? Bunu hamı gördü. Azərbaycan çox vektorlu siyasət yürüdür. Biz Ukraynanı dəstəkləyirik. Onun ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirik. Ancaq biz kiməsə görə, kimnənsə münasibətlərimizi korlamaq nə dərəcədə doğru olar? Kökündən yanlışdır. Bizə maraqlı olan milli maraqlardır.

Son günlərdə Qarabağda baş verənlər gündəmi yenidən ələ aldı. Ermənistanın yeni siyasi manipulyasiyası özündə nələri ehtiva edir?

Erməni xalqının günahı yoxdur. Həmin xalqı idarə edən ünsürlər ki, son yüz ildə onları hər zaman uçuruma aparır. Dünyada pis xalq yoxdur. Onlar həmişə yatıb durublar ki, guya onların nəhəng dövləti olub. Nə vaxt olub özləri də sübut edə bilmirlər. Birdə ermənilərdə lobbiçilik çox güclüdür. Cənab Prezidentin dediyi kimi, “dəmir yumruq” yerindədir.  Lazım olan istənilən zamanda istifadə olunacaq. Ancaq biz müharibə istəmirık. Bunu diplomatiya masasında həll etmək istəyirik.

Daxili məsələlər haqqında danışaq. Təxminən bir ay bundan əvvəl Gədəbəydə kənd sakinlərinin kənd ərazisində süni gölün tikintisinə etiraz aksiyası baş tutdu. Gündəm Gədəbəyə bağlanmışdı. Bir sözlə hadisə xəbəri ölkəni bürümüşdü. Prezident İlham Əliyevin bu barədə müşavirədə nitqi oldu. Rüfət müəllim sözügedən məsələyə münasibətinizi öyrənmək istərdik.

Fikrimcə, yerli icra orqanları əhali ilə daha sıx işləməlidir. İnsanları narahat edən məslələri həll etməlidirlər. Bu hamıya aiddir. Məsələ vaxtında həll olunsaydı bəlkə də bu qədər yayılmazdı. İcra başçıları, deputatlar insanlarla daim təmasda olmalıdırlar. Hüquq-mühafizə orqanları məsələyə cavab verəcək.Baş Nazir cənab prezidentdən tapşırıq alandan sonra komissiya yaratmalıdır?. Bütün məsələlər cənab prezidentə qalxmalıdır? Olmazdı yerində həll etmək?. Bunu yerində həll edin. Təkliflə cənab prezidentə müraciət edin. Xarici şirkətin belə bir səhvi var. Həllini tapmaq lazımdır. Heç kim heç nə demir. Niyə?. Sosial şəbəkələr var. Tutaq ki, 70%-i şişirdir. Axı obyektiv olanları çoxdur. Od olmasa, tüstü hardan olar?.

Rüfət müəllim Azərbaycan Texniki Universitetinin “Beynəlxalq ticarət, logistika və marketinq” kafedrasının müdirisiniz. Tələbələrlə ünsiyyətdə olursunuz. Gözləntilər varmı?

40 ilə yaxındır ki, ali təhsillə məşğulam. Sovet dövründə 20% laqeyd tələbə var idisə, indi 50%. Oxumurlar. Cürbəcür bəhanələr gətirirlər. ATU-nun kifayət qədər tanınmış adı var. Yüksək səviyyəli müəllimləri var. Əfsuslar olsun ki, tələbələrimiz əziyyət çəkmir. Tələbələrlə söhbətimdə həmişə deyirəm. Həyatın bir hissəsi əziyyət, bir hissəsi kefdir. İşləyən onsuz da işləyir. Bizim xüsusi qruplarımız var. Hər şey yüksək səviyyədədir.

Sizin təhsil sahəsində xeyli təcrübələriniz var. Ölkəmiz və beynəlxalq səviyyələrdə. Ali təhsillə bağlı nə kimi təklif və iradlarınız var?

Son illərdə Parlamentin mövqeyində təhsillə bağlı müəyyən dəyişikliklər var. Millət vəkillərinin bir çoxu daha rahat tənqid edirlər. Təhsildə də problemlər var. Bir çox ekspert, insanlar bunun tez həllinin tapılmasını istəyir. Problem belə həll olunmur. Təhsil konsepsiyasında yeniliklər olacaq. Azərbaycan Dövlət İqtisad Universiteti 10 il öncə necə idi, bu gün necədir. 8 ildir ki, yeni rektor Ədalət müəllim bunun üçün çalışır. Ədalət müəllim həm də tələbə yoldaşımdır. Ona görə yox ki, tələbə yoldaşımdır. Ona görə ki, o işini doğru, düzgün, yerində qurdu. Nəticə də göz qabağındadır.  Bilirsiniz, təhsil, səhiyyə elə sahələrdir ki, bunlarla eksperiment işləmək olmaz. Hər şey konseptual olmalıdır. Bunun üçün hər şeyimiz var. Sadəcə maliyyə dəstəyi lazımdır. Baxın hamı deyir ki, konfrans, görüş keçirirəm. Bəs nəticələr hardadır?. Bu bazar iqtisadiyyatıdır. Sənin hər bir ağıllı təklifin qazanc mənbəyi olmalıdır. Amma ümumi olaraq, bunu deyim ki, nəhəng dəyişikliklər olacaq. Sadəcə zamana ehtiyac var.

Fərahim Rəhimov

Yenigundem.az