Rəşad Dağlı hər şeyi ETİRAF EDƏCƏK? – VƏKİLİ AÇIQLADIbackend

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin növbəti iclası mayın 19-u keçiriləcək. Bundan əvvəlki məhkəmə iclasında, yəni mayın 1-i keçirilən iclasdan sonra belə iddialar yayıldı ki, Rəşad Dağlı mayın 19-u baş tutacaq məhkəmə iclasında hər şeyi danışacaq, müammalı və gizli qalan bir sıra mövzulara aydınlıq gətirəcək. Bundan əlavə deyilənlərə görə, mayın 19-u baş tutacaq məhkəmə sonuncu ola bilər və məşhur söz ustadına yekun hökm oxuna bilər.

Söylənənlər barəsində Referans.az-a danışan Rəşad Dağlının vəkili Elvin Əliyev bildirib ki, yayılan iddialar həqiqəti əks etdirmir və 19-u baş tutacaq məhkəmə prosesində Rəşad bir sıra vəsatətlər qaldıracaq:

“Yayılan bütün iddialar və danışılan məsələlərin heç biri həqiqəti əks etdirmir. Rəşad mayın 19-u baş tutacaq məhkəmədə heç bir şey danışmayacaq və zatən o, lazım olan hər bir şeyi danışıb. Rəşadın məhkəmə prosesi hələ davam edir və yaxın zamanlarda yekunlaşması mümkün deyil. Çünki hələ də istintaq müddəti gedir, bir sıra məsələlərə baxılır. Bundan əlavə Rəşad mayın 19-da vəsatətlər qaldıracaq. Yəni, bütün bunları nəzərə alsaq, məhkəmə prosesinin yaxın zamanlarda yekunlaşacağını və yekun ittiham aktının qəbul olunacağını demək bir qədər çətindir”.

Elvin Əliyev Rəşad Dağlının cəza müddətini yüngüləşdirəcək halların olub, olmayacağı məsələsinə də aydınlıq gətirib:

“Cəza müddətini yüngülləşdirən və ya ağırlaşdıran halların olacağını indidən demək mümkün deyil. Bildirdiyim kimi, hələ bir çox məhkəmə iclasları keçiriləcək və  daha sonra şəxsin əvvəllər məhkum olub olmadığı, cəmiyyət üçün yararlı bir şəxs olub olmadığı və digər məsələlərə baxılacaq. Daha sonra Rəşad barəsində yüngülləşdirici hallar nəzərdə tutula bilər, amma bununla bərabər cəza müddətini ağırlaşdıracaq hallar da ola bilər”.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u gecə saat 5 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.